Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisəsi olan Hacettepe Universitetində səfərdədirlər.

 

Əvvəlcə Hacettepe Universitetində rektor Mehmet Cahit Güran, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.  

 

Görüşdə Naxçıvan Dövlət Universitetində bakalavr təhsil səviyyəsində yeni açılan “Tibb bacısı işi” sahəsində akademik heyət və tələbə mübadiləsi, kadr təminatı sahəsində dəstəyin verilməsi, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Tibb Kollecində yeni ixtisasların açılması və sair məsələlərə dair müzakirələr aparılıb.

 

Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran Naxçıvanın coğrafi, siyasi və digər sahələrdə önəminə diqqət çəkərək mövcud təcrübələrin dəyərləndirilməsi prosesində Hacettepe Universitetinə üstünlük verildiyi üçün minnətdarlığını ifadə edib. Rektor iki universitet arasında əməkdaşlığın önəmindən bəhs edərək gələcəkdə görüləcək işlərin əhəmiyyətindən söz açıb.

 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev öncə səmimi və qonaqpərvər qarşılama, görüşün təşkili, Hacettepe təcrübəsinin paylaşılması və birgə əməkdaşlığa görə Mehmet Cahit Gürana təşəkkür edib. Rektor iki universitet arasındakı münasibətlərə toxunaraq, ali təhsil ocağının tədris, elmi fəaliyyəti və beynəlxalq əlaqələrinə dair uğurlarından danışıb. Qeyd edilib ki, Azərbaycanda tibb fakültəsinə malik yeganə ali təhsil müəsissəsi olan Naxçıvan Dövlət Universiteti qardaş Türkiyənin bir sıra nüfuzlu universitetləri ilə səmərəli və çoxşaxəli əməkdaşlığa malikdir. Rektor diqqətə çatdırıb ki, NDU-da təhsil alan 2 minə yaxın əcnəbi tələbənin sayında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Bildirilib ki, peşəkar tibbi kadrların hazırlanmasında Türkiyə universitetlərinin çox böyük dəstəyi olub. Belə ki, hər il yüzlərlə tələbəmiz Türkiyənin Ankara, Qazi, İstanbul Yeditəpə, Koceli, Ərzurum  Atatürk və s. universitetlərinin  xəstəxanalarında rotasiya və stajkeçmədə iştirak edirlər.

 

Sonra “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Dövlət Universitetinin yeni tikiləcək Tibb Kampusunun layihələndirilməsi, struktur və inzibati məsələlərdə Hacettepe Universiteti təcrübəsindən istifadə, planlaşdırma, ehtiyacların müəyyənləşdirilməsi, tibbi xidmətin səmərəli və məqsədəuyğun şəkildə təşkilinə dair fikir mübadiləsi aparılıb.

 

Daha sonra Hacettepe Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda elm və təhsilyönümlü əməkdaşlıq, akademik heyət və tələbə mübadiləsi, mübadilə və ya ikili diplom imkanlarını təmin edən proqramların hazırlanması, birgə tədqiqat işlərinin təşviqi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, nəşr və ya mədəni fəaliyyətlər sahəsində əməkdaşlıq, konfrans, simpozium kimi görüşlərin keçirliməsi və s. ortaq akademik və elmi fəaliyyətlərin təşkili və digər məsələlər əməkdaşlıq sahələri və formaları kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı təhsil müşaviri Nəcibə Nəsibova da görüşdə iştirak edib.

 

Sonda Naxçıvan Dövlət Universiteti heyəti Hacettepe Universitetinin Səhiyyə Xidmətləri İdarə Heyətinin sədri professor Necla Özer və aidiyyətı üzrə xəstəxana baş həkimlərinin müşaiətində Tibb və Diş həkimliyi fakültələri, Erişkin Hastanesi, Uşaq Həstəxanası, Təcili Tibbi Yardım, Əməliyyatxana, Tədqiqat laboratoriyaları ilə tanış olaraq və fikir mübadilələri aparıblar.