İncəsənətin hər bir sahəsi üzrə ölkəmizdə kifayət qədər istedadlı uşaqlarımız var. Kimisi musiqinin, kimisi rənglərin dili ilə danışır. Onların bu bacarıqları məktəbdənkanar təhsil müəssisələrində daha da inkişaf etdirilir və zamanla gələcəyin ən tanınmış şəxslərinə, peşəkarlarına çevrilirlər.
“Azərbaycan müəllimi”nin oxucularına tanıtmaq istədiyimiz istedadlardan biri də paytaxtdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi Zəhra Nədiyevadır.
Şuşanı görmək, oranın gözəlliklərini çəkmək istəyir
Zəhranın 11 yaşı var. Bakıdakı 32 nömrəli tam orta məktəbdə təhsil alır. Yaşıdları arasında öz yaradıcılıq potensialı ilə seçilən yeniyetmə ilə söhbət etmək necə də maraqlı idi. Deyir ki, təbiəti çox sevir. Yay tətili günlərini də elə təbiət qoynunda keçirməyi planlaşdırır. Söhbət zamanı Zəhra Azərbaycanın bir çox rayonlarında olduğunu söylədi. Ən çox təbiətinə heyran olduğu Zaqatalanı və Gədəbəyi təriflədi. Ancaq bu il yay tətilini valideynləri ilə birlikdə Qusarda keçirəcəyini, bu rayonun təbiətinə də vurğun olduğunu etiraf etdi. Deyir ki, “Təbiət mənzərəsi” adlı albom hazırlamaq fikrindədir. Həmin albomu yeni tədris ilində məşğul olduğu mərkəzə təqdim edəcək. Ən böyük arzusu isə Şuşaya getmək, oranın nağıllar aləminə bənzəyən füsunkar gözəlliklərini öz yaradıcılıq süzgəcindən keçirməkdir. Zəhranın bir hobbisi də gəlinciklər üçün paltar tikməkdir. Deyir ki, əvvəlcə onların eksizlərini çəkir, sonra isə öz tikiş maşınında hazırlayır: "Özümə məxsus tikiş maşınım da var. Boş vaxtlarımda macəra mövzulu bədii kitablar oxumağı da çox xoşlayıram".
İlk dəfə mükafat alanda çox həyəcanlı idim
Zəhra Nədiyeva riyaziyyat, ingilis dili, təsviri incəsənət, texnologiya fənlərini çox sevir. O, 4 yaşından rəsmlə məşğul olur. Rəsm müəllimi Nərmin Abdullayeva istedadlı yeniyetməyə kiçik yaşlarından təbiət, portret, natürmort mövzularda rəsm çəkməyi yüksək səviyyədə aşılayıb. Rənglərin dili ilə Zəhra öz arzularını kağız üzərində ifadə edir. Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə anasına ən gözəl əl işlərindən hədiyyə edir. Özünün şəxsi emalatxanası olmasa da evin bir guşəsində valideynləri yaradıcılıqla məşğul olması üçün ona hər cür şərait yaradıblar. Yaradıcılıq sahəsində qazandığı uğurlar barədə Zəhra ürəkdolusu danışır: "17 may 2023-cü il tarixində Heydər Əliyevin 100 illiyinə həsr olunan "El bilir ki, sən mənimsən" adlı rəsm sərgisində müəllimim Nərmin Abdullayeva başqa yetirmələri ilə bərabər mənim də 4 rəsmimi nümayiş etdirdi. Bənövşəyi, çəhrayı, yaşıl və mavi rənglər mənə rahatlıq gətirir. Hindistan, Çin, Mərakeş, Bolqarıstan, Fransa, Yaponiya və Sankt-Peterburqda keçirilən rəsm müsabiqələrinə qatılaraq, diplom və fəxri fərmanlarla mükafatlandırılmışam. İlk dəfə mükafat alanda çox həyəcanlı idim".
Gələcəkdə rəssam, modelyer-dizayner olmaq istəyir
Zəhranın adı iştirak etdiyi bütün müsabiqələrdə həmişə qaliblər sırasında olub. O, ölkə üzrə keçirilən müsabiqələrdə də kifayət qədər uğur qazanıb. 2023-cü ildə məktəblərarası III Faber-Castell rəsm müsabiqəsinə qatılıb və əsərləri I yerə layiq görülüb:
"Şahmatı da çox sevirəm, vaxt tapıb hələ üzgüçülüklə də məşğul oluram. Bu idman növləri mənim beynimi dincəldir və daha yaxşı düşünməyə, məzmunlu əsərlər yaratmağa ruhlandırır. Arzuma gəlincə sevdiyim rəssamlıq peşəsini inkişaf etdirmək və gələcəkdə məşhur rəssam, modelyer-dizayner olmaq istəyirəm. Pis arzu deyil, eləmi?” – deyə soruşur.
Əlbəttə, Zəhra, gözəl arzudur. Sən ki, bu yaşda bir-birindən maraqlı və məzmunlu rəsm əsərləri yaratmağı bacarırsan, demək qarşına qoyduğun məqsədə də zəhmətinlə və çalışqanlığınla nail olacaqsan. Bunu qarşımda sərgilənən bir-birindən gözəl rəsm əsərlərin də təsdiqləyir.
Sifai SƏFƏROVA