Azərbaycanda uzun müddətdir ki, tələbə yataqxanaları ilə bağlı müəyyən problemlər var. Birinci Qarabağ müharibəsindən sonra bir milyona yaxın məcburi köçkün yataqxanalarda məskunlaşmağa məcbur oldu. Bir müddət sonra tələbələr üçün nəzərdə tutulan yataqxanalar məcburi köçkünlərin evlərinə çevrildi. Heç şübhəsiz, bu, tarixin ən çətin sınaqlarından biri idi. Belə olduqda tədricən tələbə yataqxanaları anlayışı arxa plana atıldı, tələbələr müxtəlif mənzillərdə yaşamalı oldular. Ancaq hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, əhali öz doğma torpaqlarına köçürülür. Beləliklə, yataqxanaların bərpa edilərək tələbələrin istifadəsinə verilməsi məsələsi gündəmə gəlir.

 

Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin professoru, elm və təhsil sahəsi üzrə ekspert Şahlar Əsgərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, yataqxana təhsil müəssisəsi üçün çox vacib bir elementdir. Buna görə də universitetləri yataqxanasız təsəvvür etmək çətindir:
 
"Bir müddət əvvəl yazılarımın birində qeyd etmişdim ki, yataqxanasız universitet bir ayağı olan insan kimidir. Bu mənada universitetin rektor və müəllimlərindən sonra ən vacib elementi yataqxanadır. Ona görə ki, yataqxanada gənclər tez sosiallaşırlar. Yataqxana olmayanda tələbələr ancaq ali məktəbdə görüşür. Yataqxana olanda ali məktəbdən sonra axşam yataqxanada da görüşürlər. Buna görə gənclərin bir-biri ilə söhbət etməsi, təmasda olması onları hədsiz dərəcədə sosiallaşdırır, birgə yaşayış qaydalarını öyrənirlər”. 
 
Ş.Əsgərov qeyd edib ki, Şərqdə ali təhsil ocaqları gec təşəkkül tapıb, baxmayaraq ki, ali məktəblər Şərqdə Qərbdən əvvəl yaradılıb:
 
“Buna səbəb yataqxanaların olmaması idi. Belə olduqda ali məktəblər şəxsiyyət ətrafında təşəkkül tapırdı. Məsələn, İbn Sina, Nəsirəddin Tusi, Əl-Biruni univesitetlərdə yeddi-səkkiz fəndən dərs deyirdi. Onlar öləndə universitetin də inkişafı dayanırdı. 10-15 ilə universitet rektorlarının yığdığı kitablar da dağılıb gedirdi. Niyə? Çünki kitabxanası yox idi. Ona görə də yataqxana və kitabxana mənim aləmimdə universitetin əsas sütunlarındandır. Yataqxananın rolu şəhərdə olan muzeylərdən, kitabxanalardan, mədəniyyət ocaqlarından da vacibdir. Çünki yataqxanada bütün bunlar birləşir”. 
 
Professor bəzi universitetlərin yataqxanalarının keçmiş məcburi köçkünlərin istifadəsinə verilməsinə də münasibət bildirib:
 
“Həmin illərdə dövlət əlacsız qalaraq yataqxananı qurban verdi. Çünki birinci insanları yaşatmaq, sonra təhsil vermək lazımdır. O günlər bizim həyatımızın ən dramatik dövrləridir. Mən parlamentdə olanda bu məsələni bir neçə dəfə qaldırmışdım. Demişdim ki, bizim məcburi köçkünlərimizi fəhlə yataqxanalarında yerləşdirmək lazımdır, ali məktəb yataqxanalarında yox. Dövlətdən də xahiş eləmişdim. Mümkün qədər ali məktəbin yataqxanalarını qorumaq lazımdır. Ancaq yenə deyirəm, o günlər çətin günlər idi. Burada dövləti də, nazirliyi də günahlandırmaq olmaz”. 
 
O qeyd edib ki, yataqxana həm də valideynlərin qız övladlarını rahat şəkildə başqa bölgələrə təhsil almaq üçün göndərməyinə rahat şərait yaradır, çünki burada dövlət bütün tələbələrə nəzarət edir.
 
"Mən elə bilirəm ki, ən vacib iş universitetin yataqxanalarını yaxşı vəziyyətdə hazırlamaqdır. Yataqxanada həmçinin böyük zallar olmalıdır ki, axşamlar tələbələr dərslərini hazırlayandan sonra bir ağıllı adamın mühazirəsi, musiqiçinin ifası, yazıçının çıxışı ətrafında toplaşsınlar. Yataqxananın böyük akt zalının olmasına böyük ehtiyac var ki, yataqxanada gənclərin yaşlı nəslin nümayəndələri ilə də təması olsun ki, yaşlı nəsillə gənc nəsil arasında möhkəm rabitə yaransın”. 
 
Günel ABBAS