Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2023-2024-cü tədris ilinin son iclasında ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün ECOLEAD Klinikasının yaradılması barədə qərar qəbul olunub.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, 2024-cü il 24 iyun tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfrans çərçivəsində Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında "ECOLEAD" layihəsinə dair Anlaşma Memarondumu imzalanıb.
 
Platformanın əsas komponentləri - "ECOLAB", "Ekoklinik" və "Cərimə Parkı - Təbiətin qisası" ətraf mühit problemlərinin həllinə mühüm töhfə verəcək.
 
ECOLEAD platforması, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin həllində peşəkarların birgə işləməsi üçün əməkdaşlıq məkanı kimi xidmət edəcək.
 
BDU-da ECOLEAD Klinikasının yaradılması tapşırıqların səmərəli icrası, ekoloji problemlərin vaxtında həlli üçün vacibdir. Klinika ekoloji pozuntuların aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqların operativ icrasını təmin edəcək.