ADA Universiteti və Luiss Guido Carli Universiteti tərəfindən birgə təklif olunan Qlobal idarəetmə və siyasət (GMAP) proqramının ilk tələbə qrupu, İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində Romada yay modulunu uğurla tamamlayıb. Bu əlamətdar hadisə ADA Universiteti və Luiss Guido Carli arasında akademik müqavilənin imzalanmasından cəmi iki il sonra baş tutub və iki ölkə arasında akademik əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, bu ikili diplom proqramının məqsədi İtaliya təcrübəsini "Made in Azerbaijan"ın innovativ potensialı ilə birləşdirməkdir. Bunun üçün beş ADA professorundan ibarət heyət tələbələri səfər zamanı müşayiət edərək, onları İtaliyada ixtisaslaşmış ekspertlərlə birlikdə işləmək və ümumi proses bərədə yönləndiriblər. Üç həftə ərzində tələbələr tanınmış İtaliya şirkətlərinə ziyarətlər edib, mühazirələrdə və müzakirə sessiyalarında aktiv iştirak ediblər. Yay modulu iyunun 28-də Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyində keçirilən bağlanış mərasimi ilə başa çatıb. Mərasimdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko və İtaliya-Azərbaycan Universitetinin təşəbbüsü üzrə Akademik işlər üzrə prorektorun müşaviri Aynurə Hüseynova iştirak edərək, iştirakçıları nailiyyətləri münasibətilə təbrik ediblər.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu akademik layihənin İtaliya və Azərbaycan arasında strateji əməkdaşlıq kontekstində əhəmiyyətini vurğulayıb və bunun davamlı olaraq keçirilən ikitərəfli səfərlərlə təsdiqləndiyini bildirib.
İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko isə bu cür proqramların ölkələrimiz arasında təhsil və mədəni əlaqələri dərinləşdirməyə xidmət etdiyini qeyd edib.
Aynura Hüseynova isə ADA Universitetinin Bakıda yerləşən kampusunda yerləşən İtaliya-Azərbaycan Universiteti binasının tikintisinin tamamlanmaqda olduğunu vurğulayıb. Eyni zamanda qeyd edilib ki, bu müddətdə müəllim və tələbələr arasında mübadilələr də daxil olmaqla artıq bir çox proqramlar başlayıb və Luissdə keçirilən "İdarəetməyə və "Made in Italy"ə Fokus" adlı tədbir də bunun bir nümunəsidir.
Luiss Guido Carli Universitetinin nümayəndələri vurğulayıblar ki, bizim birgə səylərimiz, tələbələrin, müəllimlərin və akademik məsləhətçilərin davamlı mobilliyi vasitəsilə iki akademik qurum arasında vizyon və tədris metodologiyalarını uyğunlaşdırmağı hədəfləyir.
Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti ilə bağlı akademik əməkdaşlıq sazişləri 1 sentyabr 2022-ci ildə imzalanıb. Bu layihə ilkin olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ADA Universitetinin rektoru Hafiz Paşayevin və İtaliyanın beş aparıcı universitetinin rəhbərliyinin - Luiss Guido Carli Universitetinin vitse-prezidenti Paola Severino, Sapienza Universitetinin rektoru Antonella Polimeni, Turin Politexnik Universitetinin rektoru Guido Saraçço, Alma Mater Bolonya Universitetinin İcraçı prorektoru Simona Tondelli və Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru Alessandro Desertinin – iştirakı ilə elan edilib.