Qlobal problemlər haqqında uşaqları pozitiv şəkildə necə məlumatlandırmalı və cəlb etməli?


Bəli, iqlim dəyişikliyi qlobal bir problemdir və dünyanın hər yerində uşaqlara təsir göstərəcək.

Öz uşaqları ilə iqlim dəyişikliyi haqqında danışmaq bir çox valideyn üçün çətin ola bilər.  Amma əgər uşağınız artıq müəyyən yaşdadırsa, çox güman ki, o, iqlim dəyişikliyi haqqında məktəbdə, onlayn platformalarda və ya dostlarından eşidib.
 
Təəccüblü deyil ki, uşaqlar da iqlim dəyişikliyi kimi qeyri-müəyyən və dağıdıcı bir şeyə çox təbii reaksiyalar olan narahatlıq, qorxu, kədər və qəzəb kimi emosiyalarla cavab verə bilərlər.
 
İqlim dəyişikliyi kimi qlobal problemi valideyn olaraq həll edə bilməsəniz də, uşaqlarınıza faktları kəşf etməyə, tək olmadıqlarını bilməyə və hərəkətə keçməyin yollarını tapmağa kömək edə bilərsiniz.
 
"Azərbaycan müəllimi" UNICEF-ə istinadla məsələnin dərinliyinə varmadan valideynlərin öz uşaqları ilə iqlim dəyişikliyi barədə dürüst və ümidverici söhbəti necə apara biləcəklərinə dair bəzi tövsiyələri təqdim edir.
 
1. Valideyn olaraq öz üzərinizə düşəni etmək
 
Heç kim iqlim dəyişikliyi haqqında bütün cavablara malik deyil və sizin də bu cavabları bilməməniz normal haldır. Ona görə də bunu birlikdə cavabları kəşf etmək üçün bir fürsət kimi qəbul edin. Onlayn mənbələrdə bu mövzuda çoxlu etibarlı resurslar, o cümlədən mühazirələr, videolar və məqalələr mövcuddur ki, bu sahədə biliklərinizi yeniləyə biləsiniz. NASA-nın bu mövzuda uşaqlar üçün uyğunlaşdırılmış resursları olduqca faydalıdır. Digər valideynlərlə danışaraq onların bu mövzunu uşaqları ilə necə müzakirə etdiklərini öyrənmək də, sizə bu istiqamətdə yeni yanaşmalar mənimsəməyə kömək edəcək.
 
2. Övladınızı dinləmək

Övladınızla iqlim dəyişikliyi haqqında söhbətə başlamazdan əvvəl onun artıq nə bildiyini və mövzu ilə bağlı hisslərini öyrənmək vacibdir. Müasir dövrdə informasiyanın sürətli şəkildə yayıldığını nəzərə alaraq, uşağınızın artıq nəyi bildiyinə və ifadə edə bildiyinə təəccüblənə bilərsiniz. Bu müzakirədən övladınızın qorxularını və planetlə bağlı ümidlərini dinləmək üçün bir şans kimi istifadə edə bilərsiniz. Onlara bütün diqqətinizi verin və onların narahatlığını görməzdən gəlməyə çalışmayın. Onlara bildirin ki, onlar hər zaman sizə hər hansı bir mövzuda danışmaq üçün müraciət edə bilərlər.
 
3. Sadə elmi dildən istifadə etmək

Uşağınızı ən yaxşı siz tanıyırsınız, ona görə də məlumatın onlar üçün uyğun olduğundan əmin olun. Yaxşı bir başlanğıc nöqtəsi iqlim dəyişikliyini onların gündəlik həyatları ilə əlaqələndirməyin yollarını tapmaq və əsas faktları birlikdə araşdırmaqdır. Məsələn: “İnsanlar avtomobilləri idarə etmək, təyyarələri uçurmaq və evləri işıqlandırmaq üçün kömür və neft kimi fosil yanacaqlardan istifadə edirlər. Bunların hamısı atmosferə istixana qazları buraxaraq, planetin ətrafını qabarcıq kimi bükür və qlobal istiləşməyə səbəb olur. Daha isti planet daha çox daşqın və fırtına kimi fövqəladə hadisələrin artması deməkdir. Planet istiləşdikcə qütb buzlaqları əriyir və dəniz səviyyəsi yüksəlir. Bu, ciddi problemdir, lakin bir çox alim və bir çox gənc həll yollarını tapmaq və müsbət dəyişikliklər etmək üçün çalışırlar. Bununla bağlı bizim də edə biləcəyimiz çox şey var”. Şəkillər, xəritələr və videolar problemi vizuallaşdırmağa və onu daha da aydın dərk etməyə kömək edəcək. Bunun üçün müxtəlif vizual resursları internetdən əldə etmək mümkündür.
 
4. Birlikdə gəzintiyə çıxmaq

Övladınızı mümkün qədər təbiətlə tanış etməyə çalışın. Onları çöldə oynamağa həvəsləndirmək onların təbiətdən zövq almasına və onu qorumasına kömək edəcək. Birlikdə çöldə olduğunuz zaman fasilə verin və maraqlı görməli yerləri göstərin - ağaclar, buludlar, quşlar və s. Təbiəti seyr etmək üçün vaxt ayırmaq uşaqlara təbii dünyaya qarşı maraq və heyranlıq inkişaf etdirməyə kömək etməyə, birlikdə toxum əkmək isə uşaqlara bir şeyin necə böyüdüyünü görməsinə kömək edəcək.

5. Həll yollarına fokuslanmaq

Müzakirə etdiyiniz hər problem üçün həll yolu göstərməyə çalışın. Uşağınızla birlikdə iqlim dəyişikliyinin həlli yolları üzərində işləyən insanların fəaliyyətini araşdırın, xəbərlərdə və ya öz icmanızda gördüyünüz müsbət və ruhlandırıcı hekayələri müzakirə edin. Evinizdə tullantıları azaltmaq, suya qənaət etmək, təkrar emal etmək və ya istifadə olunmayan işıqları və cihazları söndürmək kimi ailə olaraq atdığınız addımlar barədə danışın. Bu, övladlarınızın iqlim dəyişikliyini həll etmək üçün nəsə edə biləcəyi fikrini gücləndirməyə kömək edəcək. Həmçinin cəmiyyətdə həyata keçirə biləcəyiniz digər tədbirlərlə bağlı fikirləri müzakirə edə bilərsiniz. 
 
6. Fəaliyyəti gücləndirmək 
 
Dünyanın hər yerində gənclər iqlim dəyişikliyi ilə bağlı tədbirlər görür və bir növ bu sahədə ictimai fikri formalaşdırırlar. Bəziləri enerjidən daha səmərəli istifadə etmək üçün yeni yollar tapır, sosial mediada həll yollarını paylaşır və həftəlik iqlim yürüşlərinə qatılırlar. Uşağınıza bildirin ki, bir çox gənc planetimizi müdafiə edir və onlar da bunu edə bilərlər. Əgər uşağınız maraq göstərirsə, onları iqlim dəyişikliyi fəallarının hekayələri ilə tanış edə bilərsiniz.


Mənbə: https://www.unicef.org/parenting/talking-your-child-about-climate-change?utm_source=whatsapp&utm_medium=organic-en&utm_campaign=climate-en


Vaqif FƏTULLAYEV