Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC-in nəzdində fəaliyyət göstərən kolleclərə yeni təyin edilmiş direktorlarla görüşüb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə UNEC-dən məlumat verilib. Görüşdə Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov, Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov, Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva ilə yanaşı, UNEC-in müvafiq struktur rəhbərləri də iştirak ediblər.
 
Görüşdə kolleclərdəki təhsilin müasir tələblərə cavab verməsi üçün zəruri addımlar atılmasının vacibliyindən danışan rektor bu istiqamətdə yeni direktorlar üçün təlimlərin təşkil olunmasının əhəmiyyətini vurğulayıb. O, rəqəmsal UNEC-də tətbiq olunan elektron tədris və idarəetmə prosesinin kolleclərə inteqrasiyası, “Bir pəncərə” sistemi, kollec tələbələrinin UNEC-in elektron kitabxana resurslarına çıxış imkanı əldə etməsi, tələbələrin kolleclərdəki yeniliklər barədə operativ məlumatlandırılması məqsədilə müvafiq struktur rəhbərlərinin iştirakı ilə direktorlar üçün təlimlərin keçiriləcəyini bildirib.
 
Sonra rektorun müşaviri Fərrux Tuzçuoğlu kolleclərin fəaliyyəti barədə Türkiyə təcrübəsi əsasında hazırladığı təqdimatı direktorlarla bölüşüb.