Azərbaycan Texniki Universiteti (AzTU) ilə Milli Aerokosmik Agentliyi (MAKA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və MAKA-nın baş direktoru Natiq Cavadov imzalayıblar.
 
Bu barədə AzTU-dan "Azərbaycan müəllimi"nə məlumat veriblər.
 
Sənədə əsasən, tərəflər müdafiə təyinatlı məhsulların yaradılmasının elmi-texniki və texnoloji problemlərini əhatə edən yeni mövzuların yazılması, o cümlədən universitet-sənaye işbirliyi istiqamətində əməkdaşlıq edəcəklər. Bundan başqa, tələbələrin MAKA-nın bazasında istehsalat təlimi və təcrübəsi keçmələri, elmi-tədqiqat işlərinin aparılması, MAKA-nın aparıcı mütəxəssislərinin AzTU-da tədris prosesinə, AzTU-nun professor-müəllim heyətinin isə MAKA-da elmi-tədqiqat, təcrübi-konstruktor və texnoloji layihələrin icrasına cəlb edilməsi nəzərdə tutulub.