Ümumi təhsil müəssisələrində metodik işin qurulması məqsədilə Təhsil İnstitutu tərəfindən təşkil edilmiş “Müasir metodist” müsabiqəsi davam edir.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, müsabiqənin növbəti mərhələsində müsahibədən müvəffəqiyyətlə keçən müəllimlərə metodistlərin hazırlanması istiqamətində təlimlər keçirilir. 8 iyul tarixindən başlanılan təlimlərin birinci mərhələsində Bakı şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin tabeçiliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat müəllimləri iştirak edirlər. Təlimlər metodist hazırlığı üçün nəzərdə tutulmuş təlim proqramına uyğun təşkil edilib.
 
Təlimin məqsədi ümumi təhsil müəssisələrində metodiki işin təşkili üzrə müəllimlərin metodiki bacarıqlarının inkişaf etdirilməsi, nəzəri, praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
 
Təlim proqramı üzrə namizədlərdə metodist fəaliyyəti üçün zəruri olan bilik və bacarıqların formalaşdırılması planlaşdırılıb. Eləcə də təlimdə XXI əsr müəlliminə lazım olan bacarıqların təkmilləşdirilməsi, dərsin planlaşdırılması, məktəbdaxili qiymətləndirmə, müəllimlərə differensial metodiki dəstəyin göstərilməsi, sinfin səmərəli idarə edilməsi, diferensial təlim metodları, oxuyub-anlama bacarığının formalaşdırılması, səmərəli öyrənmə mühitinin yaradılması üzrə bilik və bacarıqların təkmilləşdirilməsi nəzərdə tutulub.
 
İnteraktiv şəkildə keçirilən təlimdə müdavimlərlə aktiv müzakirələr aparılıb, situasiyalara əsaslanan praktiki məşğələlər keçirilib, eləcə də metodistlik fəaliyyəti istiqamətində atılacaq addımlar barədə tövsiyələr verilib.
 
Qeyd edək ki, müsahibədən uğurla keçən bütün namizədlərin mərhələli şəkildə təlimlərə cəlb olunması nəzərdə tutulub.