Qonaqlar AzTU komandasının “Ecoshell Marafon” beynəlxalq yarışmasında təmsil olunmasını təklif ediblər
Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi martın 12-dən Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir.
Səfər çərçivəsində qonaqlarla AzTU-nun professor-müəllim heyətinin və tələbələrin görüşü keçirilib.
Görüşdə AzTU-nun prorektoru, professor İlham Pirməmmədov AzTU ilə Almaniya universitetlərinin əməkdaşlıq əlaqələrindən danışıb. Prorektor bildirib ki, AzTU-nun Almaniyanın bir neçə universiteti ilə birbaşa, bir neçə universiteti ilə də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.
AzTU ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən professor Silvo Simon və professor Peter Biegel ERASMUS+ layihəsi çərçivəsində, həmçinin BTU-da son illər həyata keçirilən elmi-texniki yeniliklər haqqında görüş iştirakçılarına məlumat veriblər.
Bundan əlavə, görüşdə iki universitet arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub. Qonaqlar AzTU-nun Nəqliyyat və Maşınqayırma fakültələrinin tələbələrindən ibarət komandanın “Ecoshell Marafon” beynəlxalq yarışmasında təmsil olunmasını təklif ediblər. Bildirilib ki, bununla bağlı BTU azərbaycanlı tərəfdaşlarına hər cür dəstək göstərməyə hazırdır.
“Ecoshell Marafon” tələbələrin özləri tərəfindən hazırlanan avtomobillərin beynəlxalq yarışmasıdır. Burada tələbələrin texniki-praktik biliklərə yiyələnməsi ilə yanaşı, həm də innovativ texnologiyanın formalaşdırılması üçün əlverişli mühit yaradılır.
Qeyd edək ki, nümayəndə heyətinin səfəri martın 16-a kimi davam edəcək. Səfər çərçivəsində qonaqlar AzTU-da müxtəlif seminarlara, müzakirələrə və görüşlərə qatılmaqla yanaşı universitetin fakültə və kafedraları ilə də tanış olacaqlar. Bundan əlavə, almaniyalı elm adamlarının ölkəmizin görməli yerlərinə gəzintisi, həmçinin zavod və müəssisələrə səfərləri də təşkil olunacaq.