Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Niyyət Məktubu imzalanıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev və İNHA Universitetinin rəhbəri Cho Myong Voo tərəfindən imzalanan sənəd əlaqələrin gücləndirilməsi, eyni zamanda hər iki tərəfin tələbələri üçün təhsil təcrübəsi və imkanlarını artırmaq məqsədi daşıyır.
 
İmzalanma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, o cümlədən hər iki universitetin rəhbər şəxsləri iştirak ediblər.
 
Niyyət Məktubuna əsasən, iki universitet tədris proqramları, tədqiqat təşəbbüsləri və mədəni mübadilələrın inkişafı üçün birgə əməkdaşlıq edəcək. Razılaşma sənədində, həmçinin tərəflərin BMU ilə İNHA arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının təhsildə fərqlənən məzunlarına xüsusi imtiyazlar verməsi, xüsusilə, İNHA Universitetinin proqram məzunlarının 10%-nə bu universitetin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayırması kimi məsələlər öz əksini tapıb.
 
BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramının icrasına 2020-ci ildə başlanılıb. 3+1 modelinə əsaslanan proqram çərçivəsində ümumilikdə 385 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdirlər.
 
Proqrama uyğun olaraq BMU-nun “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə bu il 61 tələbə məzun olur.