20 iyun tarixindən etibarən Təhsil İnstitutu tərəfindən Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Rəqəmsal savadlılıq” mövzusunda təlimlərin keçirilməsinə başlanılıb.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, sözügedən təlimlərin məqsədi işğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin İKT və digər müasir texnologiyalardan istifadə üzrə praktik bacarıqlara yiyələnməsini təmin etməkdir.
 
Təlim müddətində XXI əsrin rəqəmsal bacarıqları, İKT kompetensiyaları, “Google” alətlərindən istifadə qaydaları, rəqəmsal transformasiya, elektron hökumət, Azərbaycan təhsil şəbəkəsinin veb layihələri və digər istiqamətlər üzrə müasir resurslardan istifadə etməklə praktiki məşğələlər həyata keçirilir.
 
Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən təlimlər işğaldan azad edilmiş müxtəlif ərazilər üzrə mütəmadi olaraq təşkil ediləcəkdir.