Rusiyanın Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) tələbə və müəllimlərindən ibarət nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bədii tədris təcrübəsi keçirlər.
 
Bu barədə "Azərbaycan müəllimi"nə AzMİU-dan məlumat verilib.
 
UDNTU-nun Memarlıq kafedrasının 2 müəllim və 20 tələbəsindən ibarət heyət iyulun 7-dək AzMİU-nun Memarlıq fakültəsinin qonağı olacaq, tədris təcrübəsi ərzində universitetin akademik heyətinin təcrübələrindən faydalanaraq şəbəkələrini genişləndirmək və fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Bu müddətdə onlar UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən dünya əhəmiyyətli memarlıq abidələrini də araşdıracaqlar.
 
Bədii tədris təcrübəsinin ilk günü qonaqlar Memarlıq fakültəsi ilə tanış olublar. AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva rusiyalı tələbələri AzMİU-nun tarixi, keçdiyi inkişaf mərhələsi, tələbə şəhərciyi, fakültə və ixtisasları, müəllim-professor heyəti, əcnəbi tələbə kontingenti, laboratoriyaları, bakalavriat və magistratura səviyyələrində dünyanın ən qabaqcıl universitetləri ilə ikili diplom layihələri haqqında məlumatlandırıb. Prorektor zəngin tarixə malik Memarlıq fakültəsindən də danışıb. Bu yaxınlarda fakültənin Avropada böyük nüfuza malik RIBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından keçdiyini bildirib.
 
Nərgiz Abdullayeva çıxışının yekununda qonaqların Azərbaycanda olduqları müddətdə ölkəmiz və universitet barədə yetərli informasiya əldə edəcəklərinə, öz ölkələrinə xoş təəssüratla qayıdacaqlarına ümidvar olduğunu bildirib.
 
Sonra Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayeva qonaqları fakültə ilə yaxından tanış edib. Qonaqlar fakültənin mərtəbələrində beynəlxalq və yerli müsabiqələrdə qalib gəlmiş tələbələrin layihə işlərinə baxıblar, auditoriya və studiyaları gəziblər.