Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimova Avropa Komissiyası tərəfindən maliyyələşdirilən POEMS layihəsi və Braziliya Milli Rəsədxanasının dəstəyi ilə təşkil olunmuş beynəlxalq konfransda iştirak edib.
 
Rəsədxanadan "Azərbaycan müəllimi"nə bildirilib ki, POEMS layihəsi “Horizon 2020” proqramı daxilində 2019-cu ildən başlanıb və Azərbaycan əməkdaşlıq üçün seçilmiş 11 ölkədən biridir. Layihə artıq başa çatmaqdadır və bu münasibətlə yekun tədbir olaraq Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Milli Rəsədxanada “Kütləvi massiv ulduzların fizikası” mövzusunda konfrans keçirilib.
 
Konfransda rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynur Abdulkərimova məruzə ilə çıxış edib. Məruzədə J040901.83+323955.6 ilə bağlı qeyri-müəyyənliklər analiz olunaraq ulduzun spektral tipi dəqiqləşdirilib və təkamülünün hansı fazasında yerləşdiyi haqqında bəhs olunub. Seçilmiş ulduz konfrans iştirakçılarının marağına səbəb olub və gələcəkdə onun daha ətraflı tədqiq olunması planlaşdırılır.
 
Tədbir çərçivəsində yeni tədqiqatlara başlanılması, layihə bitdikdən sonra əməkdaşlığın davam etdirilməsi, həmçinin yeni əməkdaşlıqlar istiqamətində müzakirələr aparılıb.