Xəbər verdiyimiz kimi, iyulun 2-dən ölkə üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.
 
Naxçıvan Respublikasının Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, müsabiqədə iştirak üçün ümumilikdə 1667 namizəd dəvət olunub. Bildirlib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, bu il ilk dəfə olaraq muxtar respublikada da müəllimlərin işə qəbulu müsabiqəsi keçirilib. 

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzində təşkil olunan imtahanların ilk gününə texnologiya və təsviri incəsənət fənni üzrə, ümumilikdə 86 nəfər imtahanda iştirak edib. 
 
Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanıb. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilib. 

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual- 0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə- 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılıb.

Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaqlar. 
 
Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
 
Vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. 
 
Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.