23-28 iyun tarixlərində Çexiyanın Brno şəhərində keçirilən Mərkəzi Avropa İnformatika Olimpiadasında (CEOI 2024) paytaxtdakı Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medala layiq görülüb.

Olimpiada qalibləri öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər.
 
Ayxan Dəmirli hazırda Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdidir. Ayxanın ən çox sevdiyi fənlər riyaziyyat və informatikadır. O, müxtəlif illərdə informatika üzrə keçirilən olimpiadalarda yüksək nəticələr əldə edib. Belə ki, Respublika Fənn Olimpiadasında qızıl, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında və Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov Olimpiadasında gümüş medal, İnformatika fənni üzrə Bolqarıstanın Şumen şəhərində keçirilən olimpiadada isə gümüş medalla mükafatlandırılıb. Bununla yanaşı, o, VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində qızıl medal qazanıb. Ayxan bu müsabiqədə qızıl medala layiq görüldüyünü ən böyük uğuru sayır. Ayxan deyir ki, bu  uğurlarımın qazanılmasında müəllimlərimin və valideynlərimin əməyi böyükdür:

"Valideynlərim mənə hər zaman dəstək olublar. Bunun üçün müəllimlərimə və valideynlərimə borcluyam. VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsinə hazırlıq prosesində çəkdiyim zəhmətin qarşısında qızıl medala layiq görülməyim məni növbəti olimpiadalarda daha böyük uğurlara imza atmağa ruhlandırdı. Çexiyanın Brno şəhərində Mərkəzi Avropa İnformatika Olimpiadasında da qızıl medal almaq ehtimalım yüksək idi, lakin düşündüyüm kimi olmadı. Sadəcə ona heyifsilənirəm ki, az bir fərqlə ölkəmizə qızıl medal qazandıra bilmədim. İlk 5 yer qızıl medala layiq görüldü, mən isə 6-cı oldum. Buna baxmayaraq, ruhdan düşmədim, daha səylə çalışacağam.
 
Gələcəkdə təhsilimi IT sahəsi üzrə dünyanın ən nüfüzlu universitetlərinin birində davam etdirmək istəyirəm. Növbəti olimpiada 1-8 sentyabr tarixlərində Beynəlxalq İnformatika Olimpiadası (IOI 2024) Misirdə baş tutacaq. Olimpiadaya hazırlaşarkən çalışıram ki, sosial şəbəkələrdən istifadə etməyim".
 
Digər müsahibimiz Tahir Əliyev isə hazırda Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində təhsil alır. Onun ən çox sevdiyi fənlər riyaziyyat, fizika və informatikadır. Tahir hələ 5-ci sinifdə təhsil alarkən olimpiadalara qatılıb və uğurlar qazanıb. Belə ki, Lütfi Zadə adına məntiq olimpiadasında iştirak edərək  II yeri, 7-ci sinifdə fizika fənni üzrə keçirilən respublika fənn müsabiqələrində 2-ci yeri, 8-ci sinifdə isə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində 5-ci yeri qazanıb. Müxtəlif illərdə isə o, informatika fənni üzrə keçirilən Respublika Fənn Olimpiadasında gümüş və qızıl medallara, “IDDA CUP Bahar 2024” olimpiadasında gümüş, IATI 2024 olimpiadasında bürünc medala layiq görülüb. Onun da növbəti qatılacağı olimpiada IOI 2024 1-8 sentyabr tarixlərində Misirdə keçiriləcək:

"Əzmkarlıq göstərib burada da uğurlu nəticə əldə edəcəyəm. Məndə informatika fənninə marağı qardaşım Sahib yaradıb. Özü informatika fənnindən Respublika Fənn Olimpiadasında qızıl medala, IOI 2023-cü ildə fəxri fərmana (Honorable Mention) layiq görülüb.
 
Gündəlik olaraq olimpiada ilə bağlı 7-8 saat məşğul oluram, eyni zamanda vaxtaşırı keçirilən onlayn yarışlarda iştirak edirəm. İnformatika biliklərimin güclənməsində Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan olimpiada düşərgələri böyük rol oynayır".

Tahir həmçinin gələcəkdə kompüter elmləri üzrə xaricdə təhsil almaq istədiyini bildirib.
 
Qeyd edək ki, Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI) ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan Avropada ən nüfuzlu proqramlaşdırma yarışmalarından birinə çevrilib. Müsabiqədə Avstriya, Xorvatiya, Çexiya, Almaniya, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveçrədən olan komandalar iştirak edir. Bu olimpiada Avropa ölkələrindən olan orta məktəb şagirdləri üçün illik proqramlaşdırma müsabiqəsidir. Müsabiqə iştirakçıların alqoritmik məsələlərin həlli, proqramlaşdırma bacarıqlarını və istedadını üzə çıxarır.
 
 
Sifai SƏFƏROVA