Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib.
 
Universitetdən"Azərbaycan müəllimi"nə bildirilib ki, mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları gələcəyimiz olan şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, eləcə də elmi-yaradıcı fəaliyyətə başlamaq üçün müstəqil addımları münasibətilə təbrik edib.
 
Rektor qeyd edib ki, çağdaş dünyamızda müəllimin əsas keyfiyyəti dəyişilmə və yüksək uyğunlaşma qabiliyyətidir. Buna görə də ixtisas bilikləri ilə yanaşı, milli kimliyə, peşəkar və daimi inkişaf etdirilən davranış səriştələrinə, rəqəmsal və xarici dil bacarıqlarına malik olmaq gənc mütəxəssislər üçün mühüm keyfiyyətlərdir.
 
Daha sonra təhsil aldıqları dövrdə yüksək akademik göstəriciləri, eləcə də sosial-ictimai fəaliyyəti ilə fərqlənən məzunlar Pedaqoji Universitet rəhbərliyi adından fəxri fərmanla təltif ediliblər.
 
Mərasim konsert proqramı ilə davam etdirilib.
 
Qeyd edək ki, hazırda ADPU-da Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris aparılır, hər il prioritet sahələr üzrə yeni ixtisaslara qəbul həyata keçirilir, universitetin qəbul planı son illər 100 faiz dolur. Hazırda ADPU-da bakalavriat səviyyəsində ixtisasların sayı 25-ə, magistratura ixtisaslaşmalarının sayı isə 30-a çatıb. Son illərdə ADPU-nu seçən abituriyentlər arasında 500 və 600 baldan yüksək nəticə göstərənlərin sayında kifayət qədər artım müşahidə olunur.
 
Bu il Pedaqoji Universitetdən filiallar və Pedaqoji Kolleclə birgə ümumilikdə 4700 nəfərdən çox tələbə məzun olur.