Bakı Mühəndislik Universitetində (BMU) 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində “Biz narkotikə yox deyirik” adlı seminar təşkil olunub.
 
Bu barədə BMU-dan "Azərbaycan müəllimi"nə məlumat verilib.
 
Tələbələrdə antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi daşıyan tədbirdə BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə narkomaniyanın bütün dünyada yayılmasından, problemin yaratdığı ciddi fəsadlardan danışıb. O bildirib ki, narkomaniya bəşəriyyət üçün ciddi bir təhdiddir, gənclərin sağlamlığına, cəmiyyətin intellektual potensialına zərbə vurur, genefondun məhv olmasına gətirib çıxarır. Bu bəlaya qarşı Azərbaycanda dövlət səviyyəsində atılan addımları, aparılan sistemli maarifləndirmə işlərini qeyd edən prorektor ölkəmizdə mübarizə tədbirlərinin təmin olunması sahəsində fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazasının yaradıldığını vurğulayıb. Bayram Hüseynzadə deyib ki, Azərbaycan narkotiklərlə mübarizə istiqamətində qlobal əməkdaşlığı hər zaman dəstəkləyib, bununla bağlı bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb. Prorektor uzun illər görülən tədbirlərin nəticəsi kimi ölkəmizdə narkomaniya ilə mübarizədə ciddi nəticələrin əldə edildiyini söyləyib.
 
Universitetin Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva çıxışında gənclər arasında narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətinə toxunub. Qeyd edib ki, narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifə kimi qarşıda dayandığından anti-narkotik təbliğatının davamlı aparılması vacib şərtdir. Kafedra müdiri gənclərin asudə vaxtının səmərəli təşkilini, onların ictimai-sosial aksiyalarda fəallığını, könüllülük fəaliyyətinə cəlb olunmasını da pis vərdişlərə qarşı mübarizənin effektiv yollarından biri kimi qeyd edib.
 
Tədbirdə digər çıxış edənlər də narkomaniyanın ictimai təhlükəliliyinə diqqət çəkib, cəmiyyət üçün törətdiyi real təhlükələrdən danışıb, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
 
Sonra tədbirdə maarifləndirici videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.