Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov “2024-2025 Fulbright Visiting Scholar” proqramının qalibi olub. Bu prestijli proqram çərçivəsində Əhədov ABŞ-də qabaqcıl elmi-tədqiqatlar aparmaq imkanı qazanacaq.
 
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan məlumat verilib. Bildirilib ki, "Fulbrayt" təqaüdü dünyanın müxtəlif ölkələrindən olan alimlərə və tədqiqatçılara elmi fəaliyyətlərini inkişaf etdirmək və beynəlxalq əlaqələr qurmaq imkanı yaradır. “Fulbright Visiting Scholar” təqaüdü dünyanın 100-dən çox ölkəsindən təxminən 850 xarici alimə ABŞ universitetlərində və ya digər akademik müəssisələrdə postdoktorantura tədqiqatları aparmaq üçün qrantlar təklif edir. Bəhruz Əhədovun bu təqaüdü qazanması, onun elmi fəaliyyəti və uğurlarının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
 
Bəhruz Əhədov Fulbrayt təqaüdü ilə ABŞ-də "InSAR Analysis of the Interplay Between Earthquakes and Mud Volcanoes in Azerbaijan"( Azərbaycanda Zəlzələlər və Palçıq Vulkanları Arasında Qarşılıqlı Əlaqənin InSAR Texnologiyası ilə Təhlili) mövzusu üzrə fəaliyyət göstərəcək, elmi-tədqiqatlarını genişləndirəcək və yeni bilik və təcrübə əldə edəcək. O, elmi işlərində əsasən kosmik geodeziya texnologiyalarından olan, optik və radar məsafədən zondlama texnologiyaları, xüsusilə InSAR texnologiyası istifadə edərək yer səthinin hərəkətləri, zəlzələlər, vulkanlar, sürüşmələr və torpaq çökmələri kimi təbiət hadisələri, iqlim dəyişikliyi və ekoloji problemlərin öyrənilməsi sahəsində tədqiqatlar aparır.