İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Qarabağ Universitetinin ornamentini əks etdirən, Qarabağ xalçalarının üslubunda xalça çeşnisi hazırlanıb.
 
Bu barədə “Azərbaycan müəllimi”nə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzindən məlumat verib.
 
Bildirilib ki, xalça “Qasımuşağı” xalça üslubunda hazırlanacaq:
 
“Qarabağ Universitetinin çeşnisi əsasında Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalça toxunacaq. Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən “Qasımuşağı xalçaları” Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50–60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır”.
 
“Qarabağ Universiteti” relyefli xalçanın ilmələri 267x239,40 mm sıxlıqda olacaq, uzunluğu 67, eni 60 sm. olacaq.
 
Xalça İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanasında toxunacaq, daha sonra ölkə daxilində və xaricində, beynəlxalq və yerli sərgilərdə sərgilənəcək. Ölkəmizin ali təhsil brendinə çevrilməsi hədəflənən Qarabağ Universitetinə suvenir töhfə kimi təqdim ediləcək.
 
Xalça çeşnisinin ideya müəllifi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, dizayn müəllifi Mərkəzin ixtisas fənn müəllimi, SABAH qrupları məzunu Hökmdar Qurbanovdur.
 
Ruhiyyə DAŞSALAHLI