Dünyamız durmadan inkişaf edir, dəyişir, bunu tək texniki deyil, elmi gözlə də baxsaq, aydın şəkildə görə bilərik. İnsanların axtarış, tədqiqat, mütəmadi dəyişmək, inkişaf etmək istəyi geriyə baxmadan yalnız irəliyə doğru addım atmalı olduğumuzu sübut edən bariz göstəricilərdən biridir. Elm sahələrinə gəldikdə isə onları müqayisə etmək, uyğunlaşdırmağa çalışmaq tamamilə absurd olar. Hər elm sahəsinin öz metodikası vardır. Eyni cəmiyyətdə yaşayıb eyni cür düşüncə və təfəkkürə, yaradıcılıq qabiliyyətinə, eyni potensiala malik ola bilmərik. Ölkənin ən nüfuzlu, ən çox məsuliyyət tələb edən peşələrindən biri də müəllimlikdir. Bütün peşələrin təməli, peşəsinin peşəkarı olan hər bir şəxs, işini düzgün və dəqiq metodla tədris edən müəllimə borcludur.
 
Metod dedikdə tək müəllim yanaşması deyil, tədrisin, mövzunun düzgün, axıcı, əsaslı meyarlar üzərində qurulması və ən əsası dəqiq üsulla mükəmməl nəticə əldə etmək nəzərdə tutulur. Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Müasir dövrümüzdə nəşr oluna ədəbiyyatların və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə, ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin  fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilib. 
 
Bu gün kütləvi şəkildə hər kəs ingilis dilini öyrənməyə və öyrəndiyini tətbiq etməyə çalışır. İnsanlar müxtəlif kurslara gedir, hətta bəziləri daha bahalı kursların daha yaxşı öyrədəcəyini düşünərək vaxtın idarəsini, ən əsası metodu bilməyən müəllimlər ilə yola çıxmağa qərara alırlar və nəticəsi hələ də ürəkaçan deyil.
 
Bu gün ingilis dili müəllimi olaraq dili tədris edən müəllim nələri bilməlidir onları sizinlə paylaşacağam:
 
Səlislik və dəqiqlik (fluency and accuracy)
 
Tələbələrin ingilis dilində həm səlis, həm də axıcı danışması olduqca vacibdir. Bunun üçün biz qrammatik struktura, söz bazasının zənginliyinə və ideya genişliyinə diqqət yetirməliyik. Belə ki, nitqin axıcı və rəvanlığı danışanın qarşı tərəfin diqqətini cəlb etməyə, yeni ideya və fikir mütaliəsinə təsir edir.
 
Lüğət (vocabulary)
 
Son illər lüğətin tədrisi ilə bağlı çox sayda tədqiqatlar aparılıb. Əsas nəticə lüğət biliklərinin ümumi əhəmiyyəti olub. Bunun üçün öyrənməyə başlayan hər bir tələbə lüğət - söz bazasını təkmilləşdirməklə başlamalıdır. Yeni sözlərin öyrənilmə metodları hər bir səviyyəyə görə dəyişir.
 
Məsələn, bunun üçün ilk olaraq tələbənin səviyyəsi müəyyənləşdirilir. Bu bir faktdır ki, söz öyrənərkən vizual olaraq və səsli öyrənilən lüğət daha yaxşı mənimsənilir. Bunun üçün sizə “Langeek” proqramını məsləhət görə bilərəm.
 
Hər mövzuya və ən əsası səviyyəyə uyğun lüğət, ümumişlək sözlər, hətta beynəlxalq sertifikat tələb edən imtahanlar üçün ayrıca söz bazası mövcuddur.
 
Yazı (writing)
 
Yazı bacarıqlarının inkişaf etdirilməsi dilin mənimsənilmə səviyyəsini bariz şəkildə göstərir. Yəni bu metodda tələbə bütün dil biliklərini ortaya qoymalıdır. Çünki yazı zamanı durğu işarələri, qrammatik struktur, cümlənin intonasiyaya görə növlərindən və ən əsası mövzuya uyğun leksikologiyadan istifadə bir tələbədə lazım olması vacib olan bacarıqlardandır. Bunun üçün akademik yazı kitablarına və proqramlarına müəllim olaraq müraciət edə bilərik. Proqram olaraq “EIW-Essentials in Writing” sizə kömək edə bilər. Kitab olaraq isə "Improving Student Writing Skills Shell Education"a müraciət etmək olar.
 
Qrammatika (grammar)
 
Tələbələrə qrammatikanın öyrədilməsi mövcud vəziyyətlə əlaqədar olaraq dəyişir. İngilis dilindən imtahan verənlər qrammatikanı dərindən öyrənilməlidir, amma danışıq dərslərinə başlayan zaman yüksək səviyyəli qrammatika mövzularının tədrisinin əleyhinəyəm. Sadəcə danışıq zamanı zəruri hesab etdiyimiz mövzuları analiz edib onları praktikada istifadə edə bilərik. Kifayət qədər qrammatika ilə əlaqəli resurslar mövcuddur. Qrammatik səhvlərin yoxlanılması üçün proqramlardan da kömək ala bilərik (Məsələn, Ginger Writer).
 
Dil öyrənməkdə başlıca prinsiplər sırasında motivasiya ilə yanaşı nizam-intizamı üstün tuturam. Danışıq dərslərinə qoşulan tələbənin öncəliklə özünəinamını formalaşdırmaq lazımdır və öyrənmə prosesi üçün potensialı olduğuna dair söhbət aparılmalıdır. Hər bir müəllimin borcudur ki, daim tələbələrinə, şagirdlərinə stimul versin, ruhlandırsın, ancaq hər şeydən öncə intizam ən başlıca prinsipdir. Xarici dili tədris edən müəllim həmişə yenilikçi olmalı, hər dərsdə yeni bir ideya ilə bütün şagird və tələbələrə təsir etməyi bacarmalıdır. Müəllim dünyagörüşü, insani keyfiyyətləri rəhbər tutaraq mədəniyyətlərarası körpü olmalıdır və mümkün qədər məsələləri hərtərəfli analiz etməlidir. 
 
Danışdığımız mövzunun, istifadə edəcəyimiz sözlərin nə qədər təsirli olduğunu nəzərə almalıyıq. Hər bir müəllimin fərqli metodu olsa da, dil öyrənilməsinin və tədrisinin yeni üsullarını xarici praktikaya müraciət edərək genişləndirə bilərik.
 
 
 
 
 
 
 
Əfsunə İSGƏNDƏROVA,
ingilis dili müəllimi