İyunun 21-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində 10 nömrəli tam orta məktəbdə yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupunun fəaliyyəti ilə tanış olub. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən ölkədə ilk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 qalib layihədən 4-ü Naxçıvan məktəblərinə məxsusdur. 
 
Qalib layihələr çərçivəsində Naxçıvan şəhəri 10 nömrəli, Şərur şəhəri 2 nömrəli, Ordubad rayonu Dəstə kənd və Culfa rayonu Saltaq kənd tam orta məktəblərində icma əsaslı qruplar yaradılıb və məktəbəqədər təhsillə əhatə oluna bilməyən 160 uşaq bu qruplara cəlb edilib.
 
Qeyd olunub ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na əsasən, daha 7 məktəbdə icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulub.