“Chemical Problems” jurnalında nəşr edildiyi ildən (2003) indiyə qədər 2200-ə yaxın elmi məqalə dərc olunub. Jurnal 2009-cu ildən “Chemical Abstract” elmi informasiya bazasında referatlaşdırılır.
 
Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, jurnal dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb. Bundan başqa, bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilib. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr “Web of Science” bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.
 
“Chemical Problems” jurnalı 2015-ci ildən Rusiyanın RSCI indeksləşmə bazasına daxildir. Qeyd etmək lazımdır ki, RSCI “Web of Science” platformasında “eLibrary” və “Clarivate Analytics” bazaları arasında bağlanmış müqaviləyə əsasən yaradılıb.
 
2021-ci ilin sentyabr ayından jurnal “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib. 2024-cü ilin may ayında “Scopus” bazasının 2023-cü il üçün elan olunan analiz parametrlərinə əsasən, jurnal əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləyib. Belə ki, jurnalın 2023-cü il üçün təsir əmsalı 0.6 elan edilib.