Həm öyrənib, həm əylənən şagirdlər yeni dərs ilinə yeni bilik və bacarıqlarla başlayacaqlar


Beynəlxalq tədqiqatlar və təcrübələr sübut edir ki, şagird təhsil müddətində qazandığı bilikləri əvvəl öyrəndikləri ilə nə qədər çox əlaqələndirərsə, beyində bir o qədər çox neyron şəbəkəsi əmələ gələr. İnformasiyanı emal edən, məlumatları yaddaşda saxlayan şəbəkə, cığır daim aktiv qalar və proses sıx-sıx təkrarlanarsa, cığır bir o qədər açıq olar. Bu, həm də yaddaşın assosiativ olması ilə bağlıdır. Onu necə işlətdiyimizdən, idarə etdiyimizdən və hansı təsirlərə məruz qoymağımızdan asılı olaraq, onu əhatələyən vəziyyətə uyğunlaşır. Assosiativ öyrənmə isə birbaşa koqnitiv proseslərlə bağlı olur. Koqnitiv proseslərə “diqqət”, “yadına salma”, “öyrənmə”, “yaradıcılıq”, “təşkiletmə”, “müəyyənləşdirmə”, “əsaslandırma”, “iradə” və s. kimi keyfiyyətlər aid edilir. Yəni şagird tədris ili boyunca məktəbdə davamlı olaraq yeni biliklər öyrənir, köhnə bilik-bacarıqları isə dərsin məzmununa uyğun olaraq mütəmadi təkrarlanaraq, yadına salınır. Şagirdlər vaxtlarının daha çoxunu məktəbdə keçirdikləri üçün assosiativ yaddaşı həmin mühitə və öyrənməyə cəmlənir. Qazanılmış biliklərlə nə qədər çox assosiasiya edilərsə, daha yaxşı yadda qalar və şagirdlərin akademik göstəriciləri hər zaman yüksək olar.

 

Bəs, şagirdlər məktəb mühitindən və öyrənməkdən uzaqlaşdıqda nə baş verir?

 

Məlumdur ki, yay tətili şagirdlərin məktəbdən ayrı qaldıqları ən uzun zaman kəsiyidir. Əlbəttə, həm müəllimlərin, həm də şagirdlərin dincəlməyə ehtiyacı var. Lakin unutmamalıyıq ki, yay tətilində şagirdlərin təhsildən uzaqlaşması akademik biliklərin itkisi və öncəki tədris ili müddətində öyrəndiklərinin qismən unudulması ilə nəticələnir. Aparılan tədqiqatların nəticələrinə də əsaslanaraq deyə bilərik ki, yay öyrənmə itkisinin başlıca səbəbləri sırasında şagirdlərin məktəbdən və dərsdən uzaqlaşması, tətil müddətində vahid öyrənmə proqramlarının olmaması, ailənin sosial-iqtisadi vəziyyəti, yaşadıqları bölgədə öyrənmək üçün resursların əlçatan olmaması, təhsilalanların fərdi maraqları və s. kimi faktorlara dayanır.

 

Şagirdlərin yaş xüsusiyyətlərinə nəzərən, ibtidai siniflərdə daha çox yazı, oxu və riyazi bacarıqlarının, yuxarı siniflərdə isə riyazi, dil və öyrənilmiş mühüm biliklərin itkisi ilə qarşılaşılır. Məsələn, məktəb zamanı riyazi bilikləri və oxu bacarıqlarının qiyməti “əla” olan şagird, yay tətili müddətində günlük ən azı 1-2 saat dərs ilə məşğul olmazsa, yeni tədris ilində onun akademik qiyməti “yaxşı”ya düşür. Nailiyyət fərqinin genişlənməsinin və diferensial yay öyrənmə itkisinin qarşısını almaq üçün erkən və davamlı müdaxilələrə ehtiyac var. Çünki üç aylıq tətildə şagirdlərin öyrənmə ilə bağlı bütün məsuliyyəti valideynlərin üzərinə düşür. Bu səbəblə, hər bir müəllim yaxşı düşünülmüş və yüksək keyfiyyətli “yay fəaliyyət proqramı” hazırlayarkən valideynlərlə əməkdaşlıq etməlidir. Şagirdin yaş xüsusiyyətlərinə əsasən, hazırlanan “yay fəaliyyət proqramı”na nəzarətin necə aparılması barəsində valideynlər maarifləndirilməlidirlər. Proqramın günlük 1-2 saatlıq ev tapşırıqları ilə yanaşı, fəaliyyət yönümlü qurulması üçün aşağıda sadalanılanların nəzərə alınması müəllimlər üçün faydalı olacaq.

 

1. Mütaliə vərdişlərini formalaşdırmaq

 

Şagirdin yaş xüsusiyyətlərinə görə, Azərbaycan və dünya uşaq ədəbiyyatından şeçilmiş kitabların siyahısını hazırlaya bilərsiniz. Həmçinin yeni dərs ilində tədris edəcəyiniz bədii ədəbiyyatı da bura daxil etsəniz bu metodla məktəblilərə əlavə zaman qazandırmış, həm də məzmunu yaxşı mənimsəmələrinə kömək etmiş olarsınız. Şagirdlərə kitab oxuyarkən Kiplinq sual-cavab (4N1KH ) texnikasından istifadə etmələrini və oxuduqları əsərlərin ideyası ilə bağlı qısa esse yazmalarını tapşırın.

 

Yuxarı sinif şagirdləri üçün aşağıdakı cədvəl üzrə tapşırıqlar təyin edə bilərsiniz:

 

2. Tədqiqat aparmaq

 

Şagirdlərə nənə-babalarından və yaxud ailənin yaşlı qohumlarından heç kəsin eşitmədiyi, öz dialektləri ilə bağlı hər hansı bir nağıl, hekayə, bayatı, tapmaca, layla və s. öyrənmələrini və yazıya almalarını tapşıra bilərsiniz. Bu fəaliyyət onlarda araşdırmaçılıq və yeni bir şeylər öyrənmək marağını artıracaq.

 

3. Yay xatirələrini yazmaq

 

Yay tətilinin ən yaxşı fəaliyyətlərindən biri də şagirdlərin xatirə dəftəri tutmasıdır. Tətil boyunca qarşılaşdıqları maraqlı hadisələr, yeni dostluqlar, gəzdikləri-gördükləri yerlər haqqında qısa qeydlər aparmaq yazı bacarıqlarını və təfəkkürlərini müsbət yöndə dəyişəcək.

 

4. Kiçik zooloqlar

 

Şagirdlərinizi kiçik “zooloqlar”a çevirə bilərsiniz. Çünki heyvanlar haqqında öyrənmək həmişə maraqlı olur. Uşaqlar Arktika dairəsindən tutmuş Amazonun yağışlı meşələrinə qədər, bütün heyvanlar, quşlar və həşəratlar haqqında öyrənməyi sevirlər. Tətil müddətində onlara sevdikləri və rastlaşdıqları canlılar barəsində məlumat toplamağı, kiçik hekayələr yazmağı, şəkillərini çəkməyi tapşırın. Sinifdə yaradacağınız “Foto guşə”də hər şagirdin sevimli heyvanının şəklini asa bilərsiniz.

 

5. Təbiəti sevək, qoruyaq və öyrənək

 

Yay tətilində şagirdlərin istirahət üçün parklara, dəniz kənarına, şəhərətrafı rayonlara, dağlara-meşələrə gedəcəyini nəzərə alaraq, onları ətraf mühitə qarşı həssas davranmaları haqqında bir daha maarifləndirmək vacibdir. Bununla yanaşı, şagirdlərinizdən təbiətə zərər vermədən “Biom” qovluqları düzəltmələrini istəyin. Yaşadıqları ərazinin landşaftına uyğun yabanı çiçəklərin, bitkilərin, meşə və bağ ağaclarının yarpaqlarını toplayaraq A4 kağızlarına yapışdıra, yaxud kağıza tikərək nümunələr hazırlaya bilərlər.

 

Məsələn, uşaqlara şəkil-1 və şəkil-2-ni nümunə göstərə bilərsiniz.

 

6. Təmiz dünya anlayışı formalaşdırmaq

 

İctimai işərlə bağlı tapşırıqlarla şagirdlərinizin ətraf mühitə qarşı yanaşmalarını dəyişə bilərsiniz. Uşaqlara daimi yaşadıqları ərazidə və yaxud tətil üçün getdikləri dəniz kənarı, çay kənarı, kamp bölgələrində təbiətə atılmış plastik, şüşə və s. tullantıları varsa, onları toplamağı, ətraflarını abadlaşdırmaq işini tapşırın. Eyni zamanda gördükləri işlərin fotoşəkillərini çəkərək gətirmələrini istəyin. Bu, şagirdlərdə təbiətə qayğı göstərmək və cəmiyyətə faydalı insan olmaq fikri formalaşdıracaq, onları daha da məsuliyyətli edəcək.

 

7. Riyazi hesablamalar

 

Yay tətilində şagirdlərin həm əylənib, həm öyrənəcəyi məşğuliyyətlər sırasına riyazi hesablamalar daxil edilməlidir. Onlara sadə ədədlər, cədvəllər və çoxluqlarla məşq etmələrinə köməklik üçün müxtəlif tapşırıqlar verin. Məsələn, yaşadığı evdə otaqların eni və uzununu ölçüb, hər otaq üçün neçə m2 divar kağızının lazım olacağının müəyyənləşdirilməsi; qapının, pəncərənin perimetrinin hesablanması; mənzildən parka qədər olan piyada məsafəsinin ölçülməsi; yaşıllıq ərazinin m2 tapılması və s. Hesablama zamanı fərqli ölçü vahidlərindən - metr, qarış, arşın, addım, qulac və b. istifadə fəaliyyəti daha maraqlı edəcəkdir. Məntiqi təfəkkürü inkişaf etdirəcək test tapşırıqları və sudoku tipli oyunlar da olduqca vacib sayıla bilər.

 

8. Yeni bacarıqlar qazanmağa təşviq etmək

 

Şagirdlərinizin içərisində şahmata, rəsmə, əl işlərinə, musiqiyə, rəqsə, idmana, üzgüçülüyə marağı olanlar varsa, onlara yay tətilində bu bacarıqları inkişaf etdirməyi məsləhət görə bilərsiniz. Bu məşğuliyyətlər onları əqli və fiziki cəhətdən daim aktiv saxlamağa kömək edəcək.

 

9. Dil bilgisi

 

Öyrəndikləri xarici dilləri unutmamaq və üzərinə yeni biliklər əlavə etmək üçün yay tətili ən yaxşı vaxtdır. Şagirdlərinizə xarici dildə olan sözləri idiomlar şəklində əzbərləməyi, yaşıdları ilə balaca dialoqlar qurmağı, qarşılaşdıqları xarici ölkə turistləri ilə ünsiyyət yaratmağı tövsiyə etməyiniz faydalı olacaq.

 

Tətil zamanı əksər ailələr bölgələrə və ya xarici ölkələrə üz tutur. Şagirdlərinizdən gəzib-gördükləri yerlərin təbiəti, tarixi yerləri, yeməkləri, yerli əhalinin özünəməxsus xüsusiyyətləri haqqında müşahidələr aparmalarını və xarici dildə qısa esselər yazmalarını tapşırın.

 

Yay tətilində uşaqların ancaq dərsə yönəlməsi onları darıxdıracağı kimi, vaxtlarını istirahət və gəzməklə keçirmələri də bütün il boyu öyrəndikləri bilikləri unutduracaqdır. Lakin yay tətilini əhatəli bir proqram üzrə quran, vaxtını sistemli və səmərəli keçirən, həm dərs oxuyub, həm əylənən şagirdlər isə yeni dərs ilinə qazanılmış yeni bilik və bacarıqlarla başlayacaqlar. Bu isə onların il boyu müvəffəqiyyət qazanması ilə nəticələnəcək.

 

Xanım ƏSƏDOVA,

ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsinin aparıcı mütəxəssisi

 

1. https://www.ncbi.nlm.nih.gov/ pmc/articles/PMC3055433/

2. https://az.wikipedia.org/wiki/ Assosiasiya

3. https://www.researchgate.net/publication/269392953_ Do_ Summer_  Time-Use_Gaps_Vary_by_Socioeconomic_Status

4. https://www.researchgate.net/publication/240268350_ Summer_  Learning_Loss_The_ Problem_and_Some_Solutions

5. https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2526437

6. https://dergipark.org.tr/tr/download/article-file/1088855