Azərbaycanın dünya universitetlərinin QS reytinq siyahısında ilk ən yaxşı 1000 universitet siyahısında yer alan yeganə ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti (BDU) müasir təhsili, universal elmi tədqiqatları, innovativ inkişafı ilə fərqlənir. Təhsil-elmi tədqiqat-sənaye inteqrasiyasını əsas götürən BDU-da bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi cari ilin son iki ayı ərzində 3 bal artaraq 65 olub. Hər bir əsərə istinadların orta sayı isə 8.23-ə qədər yüksəlib.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaş, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4374 elmi əsər nəşr edilib. Bu əsərlərə 36000-dən çox istinad edilib. Nəşr edilmiş elmi əsərlərə 2024-cü ilin son 6 ayı ərzində 3314 istinad olunub.
2023-cü ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 276 (2023-cü il üzrə yekun nəticələr tam deyil) və 2024-cü ilin ötən dövrünədək 113 (2024-cü il üzrə yekun nəticələr tam deyil) elmi əsər nəşr edilib.
Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.
BDU ailəsini təbrik edir və daha böyük uğurlar arzulayırıq!