SDU-nun startapçılardan ibarət komandası Google internet şirkətinin mükafatçısı oldu
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Sumqayıt Dövlət Universiteti məlumat yayıb.
 
İynun 14-də Sumqayıt Dövlət Universiteti (SDU) İnnovasiya və Yaradıcılıq Mərkəzinin startapçılardan ibarət komandası “Google Labs team”in mükafatçısı olmaları barədə rəsmi bildiriş alıblar. “Google Labs team”in onlayn görüş və təlimlərinə qatılan universitet tələbələri ilk olaraq verilən xüsusi süni intellekt problemləri sahəsindəki tapşırıqlar çərçivəsində “Vip accesslər” qazanıblar. “Gemini AI” süni intellekt studiyasında problemlərin kreativ həll yolları ilə bağlı çalışmalarda tələbələrimiz xüsusilə seçilməyi bacarıblar. Nəticədə komandanın 3 üzvü - İqtisadiyyat və idarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Rövnəq Nadirov, Cavid Zülfiyev və həmin fakültənin 1-ci kurs tələbəsi Yəhya İsmayılov “Google Labs team” tərəfindən 5 min ABŞ dolları həcmində pul mükafatına layiq görülüblər. Xatırladaq ki, Azərbaycandan bu yarışlara qatılan azsaylı komandalardan biri olan SDU İnnovasiya və Yaradıcılıq Mərkəzinin startapçıları yarışa universitetin avtomatika və mexanika kafedrasının müdiri, professor Cavanşir Məmmədovun rəhbərliyi ilə hazırlaşıblar.