UFAZ tələbələrindən ibarət olan "Codage" komandası Bakcell şirkətinin sponsorluğu ilə keçirilən “Google AI Hackathon”da birinci yeri qazanıb.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib.
 
Elgün Həsənov, Fətulla Bəşirov, İsmayıl Hüseynov və Turan Əhmədovun üzv olduğu komanda 3000 AZN məbləğində pul mükafatına layiq görülüb. Onlar maliyyə sektorunda fırıldaqçılığın aşkar edilməsi ilə bağlı tapşırığı yerinə yetiriblər. Komanda xüsusi texnikalardan və müasir məlumat artırma strategiyalarından istifadə etməklə, saxta əməliyyatları dəqiq təsnif edən bir model təklif edib. Bundan əlavə, onlar Böyük dil modelini təkmilləşdirərək, ona fırıldaqçılıqla mübarizədə dəstək göstərmə funksiyaları əlavə ediblər.
 
Komandanın innovativ yanaşması yalnız problemi effektiv şəkildə həll etməklə qalmayıb, həm də inkişaf etmiş dil modellərinin birləşdirilməsinin mürəkkəb real problemləri həll etmək potensialını nümayiş etdirib. Bu qələbə bir daha UFAZ tələbələrinin süni intellekt və maşın öyrənməsi sahəsindəki bacarıqlarını nümayiş etdirdi.