Yarışma Konstitusiya Məhkəməsi tərəfindən keçirilib
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ali və orta məktəblərinin tələbələri və yuxarı sinif şagirdləri arasında keçirilən və 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasına yekun vurulub.
Olimpiadanın təşkilat komitəsindən verilən məlunata görə, Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 23 il əvvəl ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk milli Konstitusiyanın dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyəti olduğunu bildirib. Qeyd olunub ki, ilk milli Konstitusiyanın qəbulundan ötən müddət ərzində Azərbaycanda insan hüquq və azadlıqları tam bərqərar olub, demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar qazanılıb, mühüm qanunvericilik aktları qəbul edilib.
İcra hakimiyyətinin başçısı hüquq olimpiadasının Zaqatala rayonunda təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciətini iştirakçıların diqqətinə çatdırıb.
Hüquq olimpiadasının nəticələrini elan edən Dürdanə Məmmədova bildirib ki, builki olimpiadada Şəki və Zaqatalada fəaliyyət göstərən 2 universitet filialının, 3 kollecin tələbələri, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının hər birindən 7 məktəb olmaqla, ümumilikdə, 28 ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri iştirak ediblər. Olimpiadada şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Hər düzgün cavab 2 balla qiymətləndirilib.
Olimpiadanın nəticələrinə əsasən, kolleclər arasında Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri birinci yerə çıxıblar. Şəki Dövlət Regional və Şəki Dövlət Texniki kollecləri müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Orta təhsil müəssisələri arasında rayonlararası müsabiqədə Balakən məktəbliləri daha yüksək nəticə göstərərək hüquq olimpiadasının qalibi adını qazanıblar. Sonrakı yerləri Zaqatala və Qax məktəblərinin şagirdləri tutublar. Ayrı-ayrı rayonların öz daxilində keçirilən müsabiqələrdə isə Balakən rayonu humanitar və texniki təmayüllü liseyin, Zaqatala rayonu humanitar fənlər gimnaziyasının, Qax rayonu Almalı kənd və Şəki şəhər 10 nömrəli tam orta məktəblərin təmsilçiləri birinci yerə layiq görülüblər.
Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin keçirdiyi hüquq olimpiadaları tarixində ilk dəfə olaraq iştirakçılardan biri – Balakən rayonu humanitar və texniki təmayüllü liseyin 10-cu sinif şagirdi Nihat Şindiyev bütün sualları doğru cavablandıraraq 100 bal toplamağa müvəffəq olub.
Tədbirin sonunda olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
Yusif ƏLİYEV