Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bu barədə idarədən "Azərbaycan müəllimi"nə məlumat verilib.
Mərasimdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BANM-ın prorektoru Babək Məmmədov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, qalib adını qazanan şagirdlər və məktəblərin komandaları iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov artıq üçüncü dəfədir ki, keçirilən olimpiadada qalib adını qazananları təbrik edib, onlara gələcək elm yollarında uğurlar arzulayıb. Bakı Elm Olimpiadası barədə məlumat verən H.Əsgərov bildirib ki, əsas məqsəd şagirdlərin təbiət elmlərinə olan marağını daha da artırmaq, bu sahədə XXI əsr təməl bacarıqlarını təkmilləşdirmək, həmçinin nəzəri biliklərin təcrübədə tətbiqinə və komandada işləmək vərdişlərinin inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.
İdarənin müdir müavini qeyd edib ki, intellektual, elmi bilik və bacarıqlara sahib yeni nəsil yetişdirmək, olimpiada hərəkatını genişləndirmək Azərbaycan təhsilinin qarşıya qoyduğu ən vacib prioritetlərdəndir.
Daha sonra olimpiadanın qızıl, gümüş və bürünc mükafatçılarına medallar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər diplom və hədiyyələrlə təltif ediliblər.
Tədbir 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvlərinin və 23 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanan maraqlı kompozisiyalarla davam edib.