Son illər ərzində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarına və həmin Qərarla təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na uyğun olaraq, ETN tərəfindən göstərilən xidmətlər elektronlaşdırılır və mərhələli şəkildə Elektron Hökumət İdarəetmə Sisteminə (EHİS) inteqrasiya edilir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, bütün pillələr üzrə təhsil müəssisələrinə qəbul, müəllimlərin işə qəbulu və digər proseslər tam avtomatlaşdırılıb, tam şəffaf və onlayn şəkildə həyata keçirilir.
EHİS sistemi vasitəsi ilə dövlət qurumların arasında informasiya mübadiləsi aparılır və eyni zamanda əhaliyə elektron xidmət və elektron arayışların əldə edilməsi imkanı təmin edilir. İlk dəfə e-Gov.az portalında hazırda isə my.gov.az portalı vasitəsi ilə Azərbaycan Respublikası vətəndaşlarına bütün təhsil pilləri üzrə təhsil ilə bağlı arayışlar təqdim edilir. Bu arayışlar əsl sənədin surəti kimi istənilən təşkilata təqdim edilə bilər. Arayışı QR kod və ştrixkod vasitəsi ilə yoxlamaq mümkündür.
My.gov.az portalında hazırda aşağdakı arayışlar mövcuddur:
- Ali və orta ixtisas diplomu
- Dövlət proqramları məzunları
- Xarici diplom (Nostrifikasiya)
- Attestat
- Peşə təhsil sənədləri
- Cari peşə təhsili
- Cari ali və orta ixtisas təhsili
- Cari ümumi təhsil
- Övladlarımın cari ümumi təhsil haqqında məlumatları barədə arayışlar.
Elm və Təhsil Nazirliyinin portal.edu.az portalında isə digər arayışlar da mövcuddur. Verilən arayışların siyahısının hər iki portalda eyniləşdirilməsi və yeni arayışların yaradılması üzrə iş gedir.
Ruhiyyə DAŞSALAHLI