Onu Naxçıvanın "Forrest Gump"ı adlandırmaq olar
 
Müxtəlif sahədə uğurlara imza atan gənclərimizin sayı kifayət qədərdir. İstər paytaxt Bakı, istərsə də Azərbaycanımızın digər bölgələrindən olan gənclərimiz öz uğur hekayələri ilə bizi həm sevindirir, həm də qürurlandırırlar. Əmrah Nağıyev də hekayəsi uğur və nailiyyətlərlə zəngin olan gənclərimizdəndir. Onu bacarığına görə, Naxçıvanın "Forrest Gumpı" da adlandırmaq olar.
 
"Azərbaycan müəllimi" daha bir istedadlı gəncimizi təqdim edir.
 
Məmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbin məzunu olan Əmrahın lap uşaqlıqdan idmana böyük marağı olub. Elə bu sevgi onu rayonun Uşaq-Gənclər İdman Məktəbinə gətirib. İlk uğurunu isə Naxçıvan Muxtar Respublikasında basketbol üzrə keçirilən birinciliklərdə qazanıb, dəfələrlə I və II yerlərə layiq görülüb. Sonradan idmanın yüngül atletika növü ilə məşğul olmağa başlayıb və ard-arda qazandığı qələbələrlə ailəsinə, doğma Ordubadına başucalığı gətirib.
 
Qaçış üzrə bacarığımı müəllimlərim üzə çıxarıb
 
Əmrah "sonradan nə qədər uğur qazansan da, ilkin yerini tuta bilməz" - deyir: "İlk uğurumu Ordubad rayonunda məktəblilər arasında keçirilən yarışda əldə etmişəm. Həmin yarışda 1500 metr məsafəyə qaçışda birinci yerə çıxmışdım. Daha sonra Ordubadın Əylis düzündən “Qeysəriyyə” binasınadək 5000 metr məsafədə qaçışda iştirak etdim və yenə birinci oldum. İdmana olan marağımı, qaçış üzrə bacarığımı müəllimlərim üzə çıxarıb. Buna görə, onlara hər zaman minnətdar olacağam.
 
 
Muxtar Respublika üzrə yarışlardakı qalibiyyətlərim uğur yolumun başlanğıcı oldu. Nəhayət Şərur rayon stadionunda 4 kilometrlik məsafəyə qaçışda 154 idmançı içərisində finiş xəttinə birinci gəlib çıxdım və Bakıda keçirilən Azərbaycan çempionatına vəsiqə qazandım. İlk genişmiqyaslı yarışım isə Tofiq Bəhramov adına Respublika Stadionunda oldu. Azərbaycan İdman Akademiyasında keçirilən 1500 və 3000 metr məsafələrə qaçışda rekordumu təzələyərək, fəxri kürsünün ən yüksək pilləsinə çıxdım. Sonra Qusar, Xaçmaz və Nabranda da birincilik əldə etdim.
 
Naxçıvanda gənclərin, Avropa yarışında isə 14 ölkənin gənc atletləri arasında 8000 metr məsafəyə qaçışda da birinci olmuşam. Ondan sonra Bakıda Bayraq meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəyə qaçışda finişə hamıdan birinci gəlib çıxdım.
 
 
Qarşısına qoyduğu hədəflərə doğru addım-addım irəliləyir...
 
İdman bacarıqdır, idman fiziki gücdür, idman həm də əzmkarlıq tələb edir. İdmanla professional məşğul olmaq və tanınmaq isə gecə-gündüz bilmədən gərgin məşqlər deməkdir. Məhz Əmrah da qətiyyətli, iradəli və çox zəhmətkeş bir gənc olduğundan qarşısına qoyduğu hədəflərə doğru addım-addım irəliləməkdədir. Gənc idmançı artıq neçə illərdir idmanın yüngül atletika növü üzrə həm yerli, həm də bir çox ölkələrdə keçirilən beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir. Yüngül atletika üzrə dəfələrlə Azərbaycan birincisi olaraq Avropa çempionatında iştirak etməyə vəsiqə qazanıb. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının təşkil etdiyi ali və orta ixtisas təhsil müəssisələrinin oğlan və qız atletləri arasında yüngül atletika üzrə turnirdə birinci yeri tutub.
 
 
Uğurlarında məşqçiləri - Zamin Rüstəmovun və Elçin Məmmədovun rolunun xüsusi olduğunu bildirir. Bu günə qədər 158 yarışda iştirak edən gənc idmançı 94 qızıl, 37 gümüş və 27 bürünc medalın sahibidir. Qatıldığı yarışların 58-si beynəlxalq, 100-ü yerli yarış olub. Hazırda Əmrah İstanbul, Tiflis və Çikaqo şəhərlərində keçirilməsi nəzərdə tutulan marafonlara hazırlaşır.
 
Bu gün idmanda nailiyyətlərinin sayını artıran Əmrah Nağıyev həm də yetirmələrinin uğurlarının bünövrəsini qoyur. Vaxtı ilə özünün idmanda qazandığı qələbələrinin təməli sayılan Ordubad rayon Uşaq-Gənclər İdman Məktəbində hazırda yüngül atletika üzrə baş məsqçi kimi çalışan Əmrahın 16 yetirməsi Naxçıvan Muxtar Respublikasında yüngül atletika üzrə keçirilən yarışların birincisi, 4-ü isə Azərbaycan çempionudur. 
 
Bəli, bütün zamanların ən böyük boksçusu kimi qəbul edilən  Məhəmməd Əli deyirdi ki, böyük bir çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan. Bəlkə də Əmrahın özünə bax bu cür inamı, özgüvənidir ki, həm məşğul olduğu idman növünü sevir, həm də özüylə bərabər yetirmələrini də çempion yetişdirir. 
 
Samirə KƏRİMOVA