Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada yazıb-yaradan şairlərdən bir qrupu ilə professor-müəllim heyəti və tələbələrin görüşü keçirilib.
İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev muxtar respublikanın qələm sahiblərinin yazdıqları əsərləri tələbələrin müəlliflərin dilindən eşitmələrinin daha təsiredici və tərbiyəedici olduğunu bildirib.
Sonra söz Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Muxtar Respublika Ali Məclisinin deputatı Asim Yadigara verilib. Şair Naxçıvan Ədəbi birliyi haqqında məlumat verərək, onun əsasının XX əsrin əvvəlindən qoyulduğunu və 30-ci ildən üzü bəri böyük inkişaf yolu keçdiyini deyib.
Qeyd olunub ki, Naxçıvan Yazıçılar Birliyi hazırda öz ətrafında 80-ə yaxın şair, yazıçı, ədəbiyyatşünas və tənqidçini birləşdirir. Görüşdə şairlər Həsənli Eyvazlı, İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Qafar Qərib, Elxan Yurdoğlu və b. iştirak edib.
Şairlər çıxışlarının sonunda verilən sualları cavablandırıblar.
Sonda tələbələrdən Əliyeva Aytacın, Xələfli Dilarənin, Əsədli Elşadın, Abbasova Fatimənin ilk yaradıcılıq nümunələri dinlənilib və onlara kitablar hədiyyə edilib.