Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən aparılan işlərin davamı olaraq, 6 iyun tarixində Bakı Slavyan Universiteti ilə Əməkdaşlıq Memorandumu imzalanıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, imzalanma mərasimində çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, BSU-nun 800-ə yaxın tələbəsi də təhsil tələbə kreditindən yararlanmışdır. Fondun yaradılmasını ödənişli əsaslarla təhsil alan tələbələr üçün unikal imkan olduğunu bildirən rektor, imzalanmış Memorandumun TTKF ilə BSU arasında əməkdaşlığın dərinləşməsinə böyük töhfə verəcəyini bildirmişdir.
 
TTKF-nin İdarə heyətinin sədri Araz Paşayev Fond tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, bu günə kimi Fondun yaratdığı imkanlardan 37 minə yaxın şəxs yararlanaraq təhsil haqlarının TTKF tərəfindən qarşılanmasına nail olmuşdur. Həmçinin qeyd olunub ki, tələbələrin gələcəkdə təhsil kreditlərini qaytarmasına dəstək olmaq üçün Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur.
 
Qeyd edək ki, qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək Memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.