NDU-da bunula bağlı elan edilmiş müsabiqənin təqdimatı olub


Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən  təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin müsabiqə əsasında maliyyələşdirilməsi üzrə ərizə qəbuluna başlanılıb. Bununla bağlı Naxçıvan Dövlət Universitetində müsabiqənin təqdimat mərasimi keçirilib. Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən muxtar respublikada aparılan uğurlu gənclər siyasətindən danışıb. 

 

Naxçıvan Muxtar respublikası Gənclər fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki,  Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin  müsabiqə əsasında maliyyələşdirilməsi layihəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli Fərmanına uyğun olaraq həyata keçirilir. Qeyd edilib ki, müsabiqə  Azərbaycan Respublikası üzrə ümumilikdə 31 universitetə aid edilib ki, Naxçıvanın  ali təhsil müəssisələri də bu sıradadır.

 

Azərbaycan Respublikası Gənclər Fondu Hüquq, kadrlar və kargüzarlıq şöbəsinin mütəxəssisi Çingiz Əsgərli müsabiqənin qaydaları və müraciət mexanizmləri barədə  məlumat verib. Vurğulanıb ki, 2011-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsini həyata keçirir, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsini dəstəkləyir, gənclərin xaricdə tədbirlərdə iştirakını maliyyələşdirir. Vurğulanıb ki, 7 mart 2018-ci il tarixində  Prezident İlham Əliyevin fərmanı ilə Gənclər Fondunun Nizamnanəsi dəyişib, fonda müxtəlif yeni vəzifələr həvalə olunub.

 

Yeni vəzifələr sırasına gənclərin xaricdə təhsili, xarici ölkələrdə beynəlxalq təşkilatlarda təcrübə keçməsinin maliyyələşdirilməsi, eyni zamanda məşğulluğun stimullaşdırılması proqramlarının həyata keçirilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin maliyyələşdirilməsi və innovativ layihələrin, “startap”ların güzəştli kredit şəklində maliyyələşdirilməsi və dəstəklənməsi daxildir. Bildirilib ki, güzəştlər milli qəhrəman övladları, I, II və III qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I, II, III) gənclər, aztəminatlı ailədən gənclər faydalanacaq. Diqqətə çatdırılıb ki, müraciət edən tələbənin davamiyyəti və təhsil göstəriciləri qənaətbəxş olmalı və ya təhsil müəssisəsinə qəbul imtahanında yüksək nəticələr göstərməlidir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulu 18 noyabr 2018-ci il saat 20:00 tarixinədək davam edəcək. Tələbələr fondun rəsmi www.youthfoundation.az saytında qeydiyyatdan keçə bilərlər. Nəticələr barədə məlumat fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.