Noyabrın 12-də Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (YUNİSEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimində təhsil naziri Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iştirak ediblər.

 

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində  təhsil sahəsində müsbət dinamika müşahidə olunub. Nazir həyata keçirilən islahatlar nəticəsində təhsilin keyfiyyətinin daha da yüksəldiyini vurğulayıb.

 

Ceyhun Bayramov Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Heydər Əliyev Fondunun bu sahədə əvəzolunmaz fəaliyyətini xüsusi qeyd edən nazir bildirib ki, fond tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.

 

2017-2018-ci tədris ilində sağlamlıq imkanları məhdud 10130 uşağın xüsusi təhsilə cəlb edildiyini diqqətə çatdıran Ceyhun Bayramov Təhsil Nazirliyi tərəfindən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə işlərə başlanıldığını deyib.Təhsil naziri bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı YUNİSEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən icra olunan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji universitetlərin, ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, Bakıda və ölkəmizin digər bölgələrində məktəblərin daxilində 9 resurs mərkəzinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına dair məlumatlılığı artırmaq məqsədilə ictimai davranış və sosial dəyişiklik kampaniyalarının keçirilməsi nəzərdə tutulub. Nazir həmçinin bu layihənin müvafiq Dövlət Proqramının uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

 

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların inkişafına müsbət təsir göstərir. Edvard Karvardin təhsilin hər bir uşaq üçün əlçatan olmasına şərait yaratmaqla daha çox sayda sağlamlıq imkanları məhdud uşağın öz potensiallarından hərtərəfli istifadə etməsinə imkan verən bu təşəbbüsün həyata keçirilməsində Təhsil Nazirliyi və Avropa İttifaqı ilə birgə işləməkdən məmnun olduğunu diqqətə çatdırıb.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə inklüziv təhsilin tətbiqinin vacibliyindən danışıb. Aİ nümayəndəsi qeyd edib ki, hər kəsin əldə etdiyi bilik və bacarıqlarla ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq və həyat boyu öyrənmək hüququ var.

 

Daha sonra layihə ilə bağlı təqdimatlar olub,  çıxışlar dinlənilib.

 

Qeyd edək ki, layihə üzrə 10 000 nəfərdən çox müəllim və məktəb direktoru inklüziv təhsil üzrə ixtisasartırma proqramlarından faydalanacaq. Layihə 2020-ci ilədək ümumtəhsil məktəblərində 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın təhsil almasına imkan yaradacaq.