Bu metodika inklüziv tədrisi təmin edən təlim metodlarını da özündə birləşdirir


Noyabrın 8-də  TOPs proqramının V mövsümü çərçivəsində paytaxtın Nizami rayonunda yerləşən 242 nömrəli tam orta məktəbdə növbəti idman festivalı keçirilib. Festival 9 noyabr -Dövlət Bayraq Gününə həsr olunub.

 

Qeyd edək ki, TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, “British Council”-Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

 

Proqram Britaniya təcrübəsinə əsaslanaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisi təmin edən təlim metodlarını da özündə birləşdirir.

 

Layihə çərçivəsində TOPs təlimlərindən keçmiş müəllimlər çalışdıqları məktəblərdə “açıq dərs”lər və idman festivalları keçirirlər.  Belə festivalların keçirilməsinin əsas məqsədi uşaqlarda fiziki aktiliyə olan marağın  artırılması, idmana bağlılığın erkən yaş dövründən yaradılması, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi vasitəsilə psixoloji dayanıqlılığının qorunmasına nail olmaqdır. Təcrübə göstərir ki, belə tədbirlər həm də şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə də müsbət təsir göstərir. Daha bir maraqlı məqam isə ondadır ki,  242 nömrəli tam orta məktəbdə keçirilən idman festivalında şagirdlərin valideynləri də yaxından iştirak ediblər.  Festivalda  100 nəfərə yaxın şagird, valideyn və müəllim müxtəlif idman fəaliyyətləri vasitəsi ilə öz qüvvələrini sınayıb, bədii özfəaliyyət nümunələri ilə çıxış ediblər.

 

Festivalı izləyənlər arasında TOPs proqramı üzrə tərəfdaş təşkilatların nümayəndələri, məktəb rəhbərliyi və şagirdlərin valideynləri  də olublar.

 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, layihəyə Bakı, Sumqayıt , Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından olan ümumilikdə, 250 ümumtəhsil məktəbi cəlb olunub.