Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Füzuli dünyası” adlı ədəbi-bədii gecə keçirilib.
 
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 27 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
 
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Daha sonra dahi şairin həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Füzuli nəinki Azərbaycan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar kimi tarixdə yaşayır. Qeyd olunub ki, böyük mütəfəkkir Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi anadilli poeziyanın mükəmməl nümunələrini yaradaraq, Azərbaycan bədii dilini daha da zənginləşdirib.
 
Ədəbi-bədii gecədə şagirdlər dahi şairin qəzəllərini səsləndirib, sözlərinə yazılmış mahnıları ifa edib, Füzulinin  məşhur poemalarından səhnələr nümayiş etdiriblər.