Azərbaycan Dövlət Neft və Sənaye Universitetində(ADNSU) “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi və Təhsilin İnkişafı Fondunun (TİF) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramının qalibləri ilə görüş keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə TİF-dən məlumat verilib.  Açılış sözü ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov bu təşəbbüsü yüksək qiymətləndirərək, qaliblər arasında ADNSU-nun 7 tələbəsinin olma sevincini xüsusi vurğulayıb.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova qonaqları salamlayaraq layihənin başlıca məqsədinin qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri üçün onlara bu sahədə təqaüdlərin ayrılması olduğunu bildirib.
 
“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin təhsil proqramları üzrə tərəfdaşı Leyla Hacıyeva təqaüd proqramı barədə geniş təqdimatla çıxış edib. Layihəyə ümumilikdə 482 müraciətin daxil olduğunu vurğulayan L.Hacıyeva, müraciət ərizələrinə təşkilat komitəsi tərəfindən baxılaraq, uyğun namizədlərin (30 nəfər) təqaüd almaq imkanı qazandığını vurğulayıb.
 
Azərbaycan Respublikası Mərkəzi Bankının Fintech və İnnovasiyalar Departamentinin direktoru, eyni zamanda “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramının təşkilat komitəsinin üzvü Fidan Tofidi layihə təşkilatçılarına təşəkkürünü bildirərək gəncləri dövlət və özəl qurumları tərəfindən yaradılmış imkanlardan faydalanmağa səsləyib.
 
Qeyd edək ki, 30 nəfər qalibin 7-si işsiz, 8-i işləyən şəxs, 17 nəfər isə tələbə adını daşıyır.
 
7 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, 3 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 2 nəfər Milli Aviasiya Akademiyasının, 1 nəfər Dövlət İdarəçilik Akademiyası, 1 nəfər isə Azərbaycan Dillər Universitetinin tələbəsidir.