İyunun 4-də kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müəllim və şagirdləri ilə görüşüb.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, dünyaşöhrətli alim, ilk olaraq məktəbin kampusunda yaradılan şəraitlə tanış olub. Kimya laboratoriyasında şagirdlər tərəfindən aparılan araşdırmalarla maraqlanan professor Əziz Sancar öz tövsiyələrini verib. Daha sonra alim məktəb heyəti tərəfindən təşkil olunan tədbirdə iştirak edib.
 
Tədbiri Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Sərdar Gündoğan açıb.
 
Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün çıxış edərək Türk dünyasının fəxri olan Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycan Beynəlxalq Maarif Məktəblərini ziyarət etməsinin tarixi əhəmiyyət kəsb etdiyini və gələcəyini maarif məktəbləri ilə quran şagirdlər üçün əlavə motivasiya olacağını qeyd edib.
 
Görüşdə çıxış edən professor Əziz Sancar elmi fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb.
 
Daha sonra Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün tərəfindən dünyaşöhrətli alimə xatirə hədiyyəsi təqdim olunub.
 
Sonda professor Əziz Sancar kitabını imzalayaraq məktəbə hədiyyə edib.