Londonun Nevrologiya İnstitutunda neyropsixoloq və beyin elmləri üzrə tədqiqatçı kimi fəaliyyət göstərən, Azərbaycan Altsheymer Assosiasiyasının qurucularından olan Aygün Bədəlova AZƏRTAC-a müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- Aygün xanım, zəhmət olmasa özünüz haqda qısa məlumat verin.
 
- Londonda yaşayıram və burada neyropsixoloq, beyin elmləri üzrə tədqiqatçı kimi çalışıram. Eyni zamanda Azərbaycan Altsheymer Assosiasiyasının qurucularından biriyəm.
 
- İngiltərədə təhsilin üstünlükləri və çətin tərəfləri nələrdir?
 
- Fikrimcə, İngiltərədə təhsil almağın üstünlükləri kifayət qədər çoxdur. Ancaq sözsüz ki, çətin qisimlər də var. Məsələn, burada praktiki biliklərə olduqca diqqət ayrılır. Yəni, nəzəriyyədən daha çox praktiki bilik tələb olunur. Bu səbəbdən Londonda təhsil alan tələbələr hər zaman çalışmalı və ən əsası da universitetdə öyrəndikləri bilikləri tətbiq etməyi bacarmalıdır. Fikrimcə, təhsildə praktik biliklərə verilən dəyər vacibdir. Bu, tələbələrin öz ixtisasları üzrə mütəxəssisləşməsinə kömək edir. Hətta demək olar ki, onlar universiteti bitirdikdə iş üçün tam hazır olurlar. Londonda verilən təhsil barəsində isə onu qeyd edim ki, əgər, kiminsə xaricdə təhsil almaq istəyi varsa, Londondakı universitet seçimləri onu yanıltmaz.
 
 
- Məlumdur ki, 2021-ci ildə siz və digər mütəxəssislər tərəfindən Azərbaycan Altsheymer Assosiasiyası yaradılıb. Bu proses haqda danışa bilərsiniz? Nə üçün məhz Altsheymer xəstəliyi?
 
- Bir neçə il öncə Londonda öz komandamız ilə birlikdə Altsheymer xəstəliyi ilə bağlı tədqiqatlar aparırdıq. Məndə Azərbaycan Altsheymer Assosiasiyasını yaratmaq ideyası bu xəstəliyi araşdırmağa başladığım illərdə yarandı. Çünki həmin xəstəlikdən əziyyət çəkən insanlarla çalışarkən bir sualla qarşılaşdım: Mənim Vətənimdə neçə nəfər Altsheymerlə mübarizə aparır? Bu fikirlə araşdırmağa başladım və fərqinə vardım ki, Azərbaycanda Altsheymer xəstəliyindən əziyyət çəkən kifayət qədər insan yaşayır, ancaq bu xəstəliklə bağlı müayinə və müalicə istiqamətində müəyyən boşluqlar var. Daha sonra qərara gəldim ki, öz həmkarlarımla assosiasiya barədə ideyalarımı bölüşüm. Nəticədə İngiltərədəki mütəxəssislərlə birlikdə Azərbaycan Altsheymer Assosiasiyasını yaratdıq. Təəssüf ki, Altsheymer xəstəliyi hazırda dünyada xərçəng və şəkərli diabetdən sonra insanların əziyyət çəkdiyi ən ciddi problemlərdən biridir. Müasir tibbdə sözügedən xəstəliyin müalicəsi ilə bağlı tədqiqatlar davam etsə də, tam müalicə qaydası tapılmayıb. Ancaq ümidsizliyə qapılmaq olmaz. Bu sahədə olan minlərlə araşdırma və xəstəliyin müalicəsi istiqamətində atılan addımlar onu göstərir ki, yaxın zamanda Altsheymer də müalicəsi mümkün xəstəliklər sırasına daxil olacaq.
 
Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatının və aidiyyəti qurumların dərc etdiyi məlumata əsasən, dünyada hər üç saniyədən bir yeni şəxsə Altsheymer xəstəsi diaqnozu qoyulur. Ümumi dünya üzrə bu xəstəlikdən əziyyət çəkən 55 milyon insan qeydə alınıb. Bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-ci ilə qədər isə 139 milyona çatacağı proqnozlaşdırılır. Azərbaycanda isə xəstəliklə bağlı dəqiq statistik göstərici yoxdur.
 
- Hazırda fəaliyyət istiqamətləriniz nələrdir?
 
- Hazırda İngiltərədə Altsheymer xəstələrinin müalicə edilməsi, xəstəliyin tədqiqi istiqamətində fəaliyyət göstərirəm. Bunu da qeyd edim ki, son dövrlər yeni yaradılmış neyro-reabilitasiya terapiya proqramının Altsheymer xəstəliyindən əziyyət çəkən insanların üzərində tətbiq olunmasına çalışıram. Bir aydan çox davam edən terapiya Altsheymerdən əziyyət çəkən xəstələrin yaddaşının yaxşılaşdırılması üçün nəzərdə tutulub. İlkin olaraq terapiyanın effektivliyi barədə müsbət nəticələr almışıq və ilin sonuna kimi 47 xəstə üzərində bu terapiyanın effektivliyini yoxlamağı planlaşdırırıq.