Bakı şəhərində ilk dəfə olaraq 20 və 17 yaşadək idmançılar arasında qrepplinq üzrə Avropa çempionatı keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, mayın 27-də start verilən yarışda ölkəmizi təmsil edən idmançılar arasında Naxçıvan Kikboksinq Federasiyasının və “Turan Döyüş Klubu”nun idmançıları, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Röya Abdullayeva və Fidan Paşayeva da olub. Təmsilçilərimizin hər ikisi ilk dəfə iştirak etdikləri qitə miqyaslı yarışı uğurla tamamlamağa nail olub. 
 
Röya Abdullayeva 52 kq çəki dərəcəsində Polşa, İspaniya, Ukrayna idmançılarına qarşı dairəvi sistem üzrə mübarizədən qalib ayrılaraq qitə çempionatının qızıl medalına sahib çıxıb. Röya ölkəmizi bu yaş kateqoriyasında təmsil edən idmançılar arasında yeganə qızıl medal mükafatçısı olub. O, həmçinin, 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi də adını tarixə yazdırıb. Digər təmsilçimiz Fidan Paşayeva isə 49 kq çəki dərəcəsində rusiyalı və ukraynalı idmançılara qarşı mübarizə aparıb. Nəticədə Fidan bürünc medala layiq görülüb. Azərbaycan idmançıları yarışı 1 qızıl, 3 gümüş və 4 bürünc medalla tamamlayıblar.