İyunun 1-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 1 şəhər və 5 rayonun ümumi təhsil müəssisələrinin 5-ci siniflərində formalaşdırılan istedad siniflərində təhsil alan şagirdlər üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yay düşərgəsi təşkil olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə idarədən məlumat verilib. Bildirilib ki, Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində təşkil olunan yay düşərgəsində Mərkəzi Aran Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərləri və əməkdaşları, bir qrup məktəb direktoru, müəllim və şagirdlər iştirak ediblər.
 
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yarışdan öncə qonaqlar istedad siniflərinin şagirdlərinin rəsm əsərləri və əl işləri ilə tanış olublar.
 
Daha sonra hər bir istedad sinfi musiqi nömrəsi ilə çıxış edib və onların iştirakı ilə müxtəlif məzmunlu oyunlar və bilik yarışı təşkil olunub.
 
Sonda yay düşərgəsində keçirilən müsabiqə və yarışlarda qalib olan komandalar Regional Təhsil İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunub. 
 
Yay düşərgəsi şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
 
Qeyd edək ki, yay düşərgəsinin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında qarşılıqlı dostluq münasibətlərinin inkişaf etdirilməsi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün onlar üçün yaddaqalan qeyd olunmasından ibarətdir.