FIBAA (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiya qurumunun beynəlxalq ekspertləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovla görüşüblər.
 
UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə professor Ədalət Muradov “UNEC-100” İnkişaf strategiyasında 2030-cu ilədək ali məktəbdə bütün təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinin hədəfləndiyini deyib.  
 
Rektor beynəlxalq akkreditasiyanın UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbə və məzunların beynəlxalq əmək bazarında rəqabətə davamlılığının təmin edilməsi baxımından vacibliyini diqqətə çatdırıb. Eləcə də UNEC-in təhsil sahəsində lider mövqeyinin möhkəmləndirilməsində, beynəlxalq əlaqələrinin genişləndirilməsində, regionda və dünyada nüfuzunun artırılmasında mühüm rol oynayacağını söyləyib. 
 
FIBAA-nın layihə meneceri, ekspert qrupunun rəhbəri Dr.Birger Henrik UNEC-də iki günlük səfər çərçivəsində keçirdikləri görüşlər və təqdim olunan məlumatlar barədə ilkin təəssüratlarını bölüşüb. FIBAA rəsmisi UNEC-in Bloomberg Maliyyə laboratoriyasının tədris prosesində istifadə olunmasını, universitet-sənaye əlaqələrinin səmərəli təşkilini, tədrisin 4 dildə aparılmasını yüksək qiymətləndirib. 
 
Eləcə də tədris prosesinin, sənəd dövriyyəsinin, keyfiyyət təminatı sisteminin tamamilə rəqəmsallaşdırılaraq, Rəqəmsal UNEC modelinin yaradılmasını ali təhsil sahəsində mütərəqqi addım kimi xüsusi vurğulayıb. Dr.Birger Henrik UNEC-in beynəlmiləlləşdirilməsində ixtisasların akkreditasiyasının strateji hədəf olaraq müəyyənləşdirilməsini mühüm amil kimi diqqətə çatdıraraq, bu addımın UNEC-in dünya universitetləri sırasında TOP 500-lüyə düşməsində önəmli rol oynayacağını qeyd edib. O, universitetdə bu istiqamətdə işlərin uğurla aparıldığını deyib.