Sevda Hümbətova : “Şagirdlərlə işləmək metodikasının yenilənməsi vacibdir”


Dərs saatının sonudur, məktəb binasının qarşısındayıq. Zəng çalınır, uşaqlar giriş qapısından həyətə axışır, hər bir şagirdin çöhrəsində sevinc görünür. Kimi aldığı “əla” qiymətləri valideynlərinə çatdırmağa tələsir, kimi də bir neçə saatlıq dərsdən sonra öz “azadlığının” sevincini yaşayır. Nə qədər qəribə olsa da bizi dərsinə hazır olmayan şagird kimi həyəcan bürüyür. Əslində, səbəbi də bəllidir. Axı ömrünün 31 ilini gənc nəslin vətənpərvər və savadlı böyüməsinə həsr etmiş Sevda müəllim ilə görüşəcəyik, onunla müəllimlik sənətindən, peşənin özəlliklərindən, müqəddəsliyindən danışacağıq.

 

Öncə qeyd edək ki, müəllim peşəsi, müəllim adı haqqında bütün dövrlərdə yazılıb, ən ülvi, ən gözəl sözlər deyilib. Hər bir peşənin, hər bir uğurun, xoşbəxt gələcəyin fövqündə müəllim peşəsi dayanıb. İlk baxışdan sadə görünsə də, bəlkə də bütün peşələrin ən çətini və məsuliyyətlisi məhz müəllimlikdir.

 

Bu müqəddəs peşəni fəxarətlə qoruyan müəllimlərimizdən biri də Sevda Hümbətovadır. Onun sorağına düşüb Bakıda yerləşən 30 nömrəli Füzuli rayon tam orta məktəbinə yollandıq. Sevda xanım bu məktəbin ən çox sevilən, bacarıqlı və qabaqcıl müəllimlərindəndir. Onunla dərs zamanı görüşdük. Sinfə daxil olarkən ilk diqqətimizi çəkən şagirdlərlə müəllim arasındakı səmimi ünsiyyət, dostyana davranış oldu. Dərs vaxtının bitməsinə baxmayaraq, uşaqlar müəllimdən ayrılmaq istəmirdilər. Ona görə də elə şagirdlərlə birlikdə Sevda müəllim ilə çiyinlərində daşıdığı müqəddəs müəllimlik peşəsindən danışdıq.

 

İşgüzar əməyi ilə həmkarlarına örnək olan Sevda xanım ingilis dili müəllimidir. Peşəsinin vurğunudur, yorulmadan 31 ildir ki, fasiləsiz bu fənnin tədrisi ilə məşğuldur. O, elimizin övladlarına xarici dili öyrətməklə yanaşı, onların həyatın enişli-yoxuşlu yollarında büdrəməməsi, gələcək həyatlarında uğur qazanması, həmçinin, layiqli övlad, nümunəvi vətəndaş olması üçün əlindən gələni əsirgəməyib. Şagirdləri üçün həm müəllim, həm dost, həm də ana olub.

 

Qeyd edək ki, Sevda Hümbətova o zamanla Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib. Təyinatla Stepanakertə (Xankəndinə) göndərilib, bir müddət orada işlədikdən sonra məlum hadisələrlə bağlı Füzuli rayonuna gələrək müəllimlik fəaliyyətini davam etdirib. Torpaqlarımızın erməni daşnakları tərəfindən işğalından bir müddət sonra - 1997-ci ildən etibarən Bakı şəhərində yerləşən Füzuli rayonu 30 nömrəli tam orta məktəbin şagirdlərinə xarici dili tədris edir. Eyni zamanda 10 ildir ki, həmin təhsil ocağında tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Sevda müəllim, həm də ictimai işlərdə fəal iştirak edir. Bir çox müxtəlif xarakterli tədbirlərin təşkilatçısıdır və məktəb şagirdlərini də bu tədbirlərdə həvəslə iştirak etməyə ruhlandırır.

 

S.Hümbətova ömrünü vətənimizin övladlarına, onların təlim-tərbiyəsinə və savadlanmasına həsr etdiyinə görə çox məmnundur. Təcrübəli, tələbkar Sevda müəllim mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarır. Şagirdləri də onu çox istəyir və dərslərə diqqətlə, maraqla qulaq asırlar. O, uşaqlarla işləməyin çox maraqlı, eyni zamanda məsuliyyətli və çətin olduğunu deyir: “Müəllimlik əvəzsiz peşədir, çünki müəllimin əsərləri insanlardır, onların xoşbəxt gələcəyidir”.

 

Sevda müəllim vətənpərvər, xeyirxah, mərhəmətli, alicənab bir ziyalı olmaqla yanaşı zəhmətkeş anadır. Övladlarının ikisi də ali təhsil alaraq, müxtəlif sahələrdə çalışır.

 

O, söhbət əsnasında müasir texnologiyanın sürətli inkişaf etdiyi bir zamanda şagirdlərlə işləmək metodikasının yenilənməsinin vacibliyini vurğuladı. Bildirdi ki, bir neçə il əvvəllə müqayisədə indiki şagirdlərlə işləmək daha çətindir, amma bu, pedaqoji fəaliyyətdə həm də yeni maraqlar ortaya qoyur.Xüsusilə, texnologiyanın sürətli inkişafı, ətrafımızda və cəmiyyətdə baş verən müsbət dəyişikliklər təbii ki, uşaqlardan, onların həyata baxışından yan keçməyib.

Hər xarakterdə şagird var. Ona görə müəllim onların hər birini başa düşməli və hər uşağa müstəqil fərd kimi yanaşmalıdır. Sevda müəllimin fikrincə, əsl müəllim dərs zamanı öz xarakterini unudub uşaqların xarakterinə uyğunlaşmağı bacarmalıdır. Bu metodika şagirdlərdə şəxsiyyət olaraq özünəinamın yaranmasında, elmə, ədəbiyyata marağın artmasında və uşaq intellektinin formalaşmasında müsbət təsir göstərir.

Bütün fəaliyyəti dövründə Sevda müəllim bu prinsiplərə əsaslanaraq həmkarları ilə birlikdə nümunəvi şagirdlər, ixtisaslı mütəxəssislər yetişdirməyi bacarıb və bu gün də öz vəzifəsini layiqincə davam etdirir.

 

Bu gün Sevda müəllimin yetirmələrini ölkənin hər yerində görmək olar. Onlar müxtəlif peşə fəaliyyətinə yiyələnməklə ixtisaslı kadrlar kimi özlərini doğruldurlar. Təkcə Azərbaycanda yox, dünyanın bir neçə ölkəsindən Sevda müəllimin yetirmələrinin sorağı gəlir, onlar vətənlərini layiqincə təmsil edirlər. Bəli, onlar təhsil alıb, vəzifə sahibi olub, böyüyüb dəyişiblərsə də, əziz müəllimlərinə olan münasibətləri dəyişməz qalıb. Müəllim adı hər zaman onlar üçün əzizdir.

 

Söhbət əsnasında Sevda xanım bu gün Azərbaycanda aparılan təhsil islahatları, tikilən müasir tipli məktəblər, təhsil müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşması və digər məqsədyönlü tədbirlərin təhsilimizin inkişafında mühüm rol oynadığını vurğuladı. Onun bu gün orta məktəblərdə təhsil alan şagirdlərdən istəyi də var: ixtisas seçəndə müəllim olmaqdan çəkinməsinlər, müəllim olarlarsa bu adı, müəllim peşəsinin şərəfini hər zaman qorusunlar...

 

Bəli, müəllim təkcə şagirdlərə, tələbələrə bilik öyrətmir, həm də cəmiyyətin mayakı, canlı xəzinəsidir. Hər kəs üçün uğurlu həyat qapısı müəllim əli ilə açılır, hər kəsi müəmmalı dünya ilə tanış edən də müəllim zəkasıdır. Əsl müəllim bütün həyatını, fəaliyyətini öyrətməyə həsr etməklə zaman-zaman həm də ömrünü şagirdlərə bağışlayır, onların uğurlarında peşəsinin zirvəsinə yüksəlir. Elə Sevda müəllim kimi...