Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında memorandum imzalanıb.
İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, bu məqsədlə keçirilən görüşdə Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, icraçı direktoru professor Vaqif Qurbanov, elmi katibi Şəlalə Hüseynova, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin müdiri Mahir Rəsulov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nəzrin Erdoğan və İstanbul Gedik Universitetinin prorektoru, mühəndislik fakültəsinin dekanı Prof. Dr. Halil Uğraş, Texnologiya və Transfer Ofisinin direktoru Dr. Feridun Özçakır və Magistratura İnstitutunun direktoru Prof. Dr. Bahaddin Sinsoysal iştirak ediblər.
Memorandum elmi əlaqələrin inkişafını, elmi əməkdaşlığın təşviqini və qarşılıqlı maraq doğuran sahələrdə elmi işlərin praktiki tətbiqinə yönəlmiş tərəflərin bərabərhüquqlu əməkdaşlığını nəzərdə tutur.
Sənəddə tərəflər arasında laboratoriya tədqiqatları, habelə ekspedisiya işləri, prioritet istiqamətlər üzrə elmi-tədqiqat əməkdaşlığının həyata keçirilməsi, birgə qrant layihələrinin hazırlanması və beynəlxalq təşkilatlara, fondlara təqdim edilməsi, müştərək elmi konfranslar, simpoziumlar, seminarlar, müşavirələr və işçi görüşlərinin təşkili nəzərdə tutulub.