Azərbaycan Texniki Universitetinin (AzTU) 6 tələbəsi və 1 akademik işçisinin qatıldığı təcrübə və tədqiqat proqramının ilk həftəsi uğurla tamamlanıb.
 
AzTU-dan “Azərbaycan müəllimi” nə bildirilib ki, təcrübə proqramı Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində həyata keçirilir. 
 
Proqram çərçivəsində tədqiqatçılar 28 gün ərzində Avstriyanın Vyana şəhərində yerləşən Aqrar və Ekoloji Pedaqogika Universitetində təcrübə və tədqiqat proqramında iştirak edəcəklər.  
 
Proqramın ilk həftəsində iştirakçılar araşdırma yönümlü müxtəlif təlimlərdə iştirak ediblər. Həmçinin universitet nəzdində fəaliyyət göstərən kitabxananın zəngin kitab fondundan öz tədqiqat istiqamətlərinə uyğun materiallar əldə edib. Avstriyada ənənəvi olaraq keçirilən araşdırma günləri çərçivəsində tədqiqatda rəqəmsal alətlərdən istifadə mövzusunda seminara qatılıb və müxtəlif proqram təminatlarının praktiki tətbiqini öyrəniblər.