Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində “Davamlı inkişaf şəraitində yaşıl iqtisadiyyat: çağırışlar və gözləntilər” mövzusunda tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktik konfransı keçirilib.
UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, altı ölkənin 200-dən çox gənc tədqiqatçısını bir platformada toplayan beynəlxalq konfransın açılışında çıxış edən elm və innovasiyalar üzrə prorektor dosent Fariz Əhmədov konfransın mövzusunun əhəmiyyətindən söz açıb. O, müasir iqtisadiyyatın aktual tədqiqat sahəsinə çevrildiyini diqqətə çatdıraraq, COP29-la bağlı UNEC-də keçirilən tədbirlərdən və gənclərin bu istiqamətdə üzərlərinə düşən vəzifələrdən danışıb.
Sonra məruzəçilər qismində çıxış edən UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor Bəhram Əliyev yaşıl iqtisadiyyatın ayrı-ayrı aspektləri, həlli tələb olunan məsələlər, təhsil sahəsinin bu proseslərdə yeri və rolu haqqında danışıblar.
Beynəlxalq konfrans 7 panel sessiya üzrə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Belarus və Yunanıstandan olan bakalavr, magistr və doktorantların məruzələri ilə davam edib.
UNEC-in nüfuzlu alimlərinin, eləcə də yaşıl iqtisadiyyatla bağlı tanınmış elm nümayəndələrinin moderator qismində çıxış etdikləri sessiyalarda mövzu ilə bağlı maraqlı müzakirələr də aparılıb.
Konfransın sonunda Rus İqtisad Məktəbinin yaradıcı klubunun üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.