Bəzən məktəbdə, bəzən ev mühitində uşaqlarda aqressiya hiss olunur. Kimisə incidir, kimisə vururlar. Başlayaq ondan ki, əslində, aqressiya nə deməkdir?

 

Aqressiya özünü müxtəlif formalarda göstərir. Mahiyyətinin izahına gəlincə, aqressiya özü ilə rəftardan narazı olan adamın kobud davranışlarla etirazını büruzə verməsidir. Yəni sözlə yox, kobudluqla, hərəkət və səs reaksiyaları ilə cavabdır. Eyni zamanda, aqressiya problemi yaşayan uşaqlar xoşlarına gəlməyən və etirazlarına səbəb olan məsələ barədə danışmaz, onu etiraf etməzlər. Çünki onlar bu qənaətdədirlər ki, onsuz da mənə əhəmiyyət verilmir.

 

Bəs aqressiya uşaqlarda özünü necə büruzə verir?

 

Əksər hallarda uşaqlar qaydalara əməl etməkdən imtina edirlər. Bilə-bilə ətrafdakılann, xüsusilə də böyüklərin əsəbləri ilə oynayırlar. Daha çox qisasçı olur, sevmədikləri davranışlara görə qisas almağa üstünlük verirlər. Əgər onun xətrinə dəysən, çalışacaq ki, mütləq necəsə bunun əvəzini çıxsın. Paxıllıq etməyə meyilli, küsəyən olur və onlara elə gəlir ki, həmişə haqlıdırlar.

 

Aqressiyanın səbəbləri

 

İlk olaraq bu, genetik xüsusiyyət sayılır. Genetik xüsusiyyətlər deyəndə nəyi nəzərdə tuturuq? Bu, hər şeydən öncə nəsildən-nəslə sinir sistemi vasitəsi ilə ötürülən xüsusiyyətlərdir. Aqressiv uşaqlarda sinir sistemi güclü, qıcıqlanmaya meyilli və hərəkətli olur. Bu, uşağın sosial davranışına təsir edə bilər.

 

Aqressiyanın digər səbəbi ailə mühitidir. Tutaq ki, ailədə valideynlər tez-tez münaqişə yaşayırlar və ya uşağa qarşı fiziki güc tətbiq olunur. Yaxud da böyüklər tərəfindən uşağın vahid tərbiyə sistemi yoxdur. Baba və nənə nəvəni ərköyün böyüdür, valideynlər uşağı, ümumiyyətlə, diqqətdən kənarda qoyur.

 

Yaxın qohumun rəhmətə getməsi, yaşayış, təhsil yerinin dəyişilməsi kimi hallar da uşaqda aqressiya hissini gücləndirə bilir. Bəzən uşaqların yaxın çevrəsi onları özündən kənarlaşdırır, kobud rəftar edir. Bu halda uşaq bəzən bilərəkdən, bəzən də bilməyərəkdən özünü o çevrədə təsdiqləmək üçün oxşar davranış nümayiş etdirir.

 

Onunla necə davranmaq lazımdır?

 

İlk növbədə uşağın aqressivliyinin səbəbini araşdırmaq lazımdır. Bəzi hallarda uşaq müəyyən situasiyalardan sonra aqressiv olur. Məsələn, aqressiya onu hər dəfə valideyni danlayandan sonra yaranır. Belə hal müşahidə olunursa, onda diqqət etmək lazımdır ki, siz uşağı necə və ya nə qədər anlayırsınız? Yəni uşağa nə deyilir, hansı tərzdə deyilir?

 

Ola bilər ki, uşağı danlayanda özünüz də bilmədən onun şəxsiyyətini alçaldan sözlər işlədirsiniz. Və ya elə tərzdə danışırsınız ki, uşaq sizdə özünə nifrət hiss edir.

 

Yaxud da təsəvvür edək ki, məktəbdə uşağı yaşıdları ələ salır. Bu halda mütləq uşaqla davranışı dəyişmək lazımdır. Eyni zamanda, məktəbdə baş verənlərlə maraqlanıb, münasibətləri tənzimləmək istiqamətində addımlar atılmalıdır.

 

Uşaq yeni məktəbə keçibsə...

 

...bu onu qorxudursa, valideyn dərhal övladma dəstək olmalı, izah etməlidir ki, hər şey əvvəlkindən yaxşı olacaq.

 

Aqressiyanın təzahür formalarından biri də uşağın valideyni təkrarlaması kimi özünü büruzə verir. Məsələn, nə zamansa valideyn əsəbi olub uşağın yanında hansısa qabı yerə vurub sındırırsa, uşaq aqressiyadan xilas olmaq üçün eyni cür davranır. Bu halda müəyyən diplomatik və ya yumoristik yolla bu münasibəti tənzimləmək lazımdır. Yəni bu dəfə gülməli və zərərsiz bir jestə ehtiyac olur.

 

Böyüklər bəzən uşaqlara qaydalar qoyur. Amma bu qaydaların səbəbləri uşağa izah olunmur. Uşaq “niyə?” sualını verəndə, “mən belə istəyirəm”, “belə olacaq” və sair kimi ümumi cavablar verirlər. Uşaq özünün və istəklərinin nəzərə alınmadığı qənaətinə gəlir ku, bu da onu son dərəcə aqressiv edir.

 

Uşaq ailə münaqişələrinin şahidi olmamalıdır

 

Bu, birmənalı şəkildə uşağa mənfi təsir edir. Uşaq valideynlərinin arasında qalır və mənəvi-psixoloji sıxıntı yaşayır. Bu sıxıntılar onun aqressiv davranışlarına səbəb olur. Əgər valideyn-lərin problemləri varsa, bunu ikilikdə həll etməlidirlər. Uşağa münasibətləri haqda nəsə deyilməlidirsə, bu, son dərəcə sakit şəkildə, onun anlayacağı dildə edilməlidir.

 

Uşaqlara həmişə izah etmək, yönəltmək lazımdır. Əks halda onun gələcək həyatında şəxsiyyət kimi yaranan bütün problemlərin cavabdehi ancaq özünüz olacaqsınız. Uşağınızı sevin, anlamağa çalışın, bunu ona həmişə hiss etdirin.

 

Nilufər İsmayılova,

“Məktəblinin dostu” layihəsinin psixoloqu