COP29 ili çərçivəsində Təhsil İnstitutu və Bakı şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 29 may 2024-cü il tarixində “COP29 dünyanı yaşıl sülhə boyayacaq” mövzusunda tədbir keçirilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbiri giriş sözü ilə açan ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Çıxışda ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsi, aksiyaların təşkil edilməsi və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin bugünkü vacib məsələlərdən olduğu qeyd edilib.
 
Tədbirdə ARTİ-nin baş mütəxəssisi Humay Cəbiyeva iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən, ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışıb. Digər çıxışçılar ARTİ-nin aparıcı mütəxəssisi Günay Hüseynova çıxışında iqlim dəyişikliklərinin törədə biləcəyi fəsadlardan və gözlənilən çətinliklərin aradan qaldırılması məqsədilə dünya ölkələrinin görəcəyi tədbirlərdən bəhs edib. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Flora Mahmudova azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” kimi innovativ yanaşmaların tətbiq edilməsindən danışıb.
 
Tədbirdə iştirak edən Pirallahı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Arzu Abdullayev Azərbaycanda iqlim dəyişikliyinin təsirlərindən, bəşəriyyətə vurduğu ziyanlardan, bu sahədə görülən qabaqlayıcı tədbirlərdən danışıb və nəticə olaraq maarifləndirmə işlərinin gücləndirilməsində bütün insanların üzərinə düşən böyük məsuliyyətdən bəhs edib.
 
Tədbir zamanı mərkəzin yaradıcı şagirdlərinin rəsm əsərlərinin sərgisi, rəqsləri, ədəbi-bədii kompozisiyası və COP29-la bağlı sənədli film nümayişi maraqla qarşılanıb.