Milli Aviasiya Akademiyasında (MAA) iqtisadiyyat və hüquq fakültəsinin təşkilatçılığı ilə “Ekoloji sağlamlıq Heydər Əliyev siyasətinin əsas prinsiplərindən biri kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri giriş sözü ilə Milli Aviasiya Akademiyasının iqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə açıb. O bildirib ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və Akademiyanın rektoru akademik Arif Paşayevin rəhbərliyi ilə təhsil müəssisəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər keçirilir. Tədbirin əhəmiyyətində söz açan fakültə dekanı Ulu Öndər Heydər Əliyevin ekoloji siyasətindən də danışıb.
Tədbirdə çıxış edən Akademiyanın ingilis dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Yusifova Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması, Abşeron yarımadasının yaşıllıqlar diyarına çevrilməsi istiqamətində apardığı məqsədyönlü işlərdən danışıb. Kafedra müdiri qeyd edib ki, Heydər Əliyev Respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib:”Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən edilmiş prioritetlər üzrə tədbirlər görülüb”.
Sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin ekoloji sahədə gördüyü işləri əks etdirən videoçarxı izləyiblər.
Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi şəxsiyyətin təbiətə vurğunlugundan danışıb.
Milli Aviasiya Akademiyası tələbələrinin ingilis dilində ekoloji məsələlərlə bağlı çıxışları, həmçinin tələbələrdən Aqşin Əhmədlinin ekologiyanın qorunması üçün hazırladığı xüsusi robot iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Niyazi RƏHİMOV